|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı ilk gündən meşələrin bərpa olunması və yeni meşələrin salınması ilə yanaşı, meşələrin qorunub mühafizə olunması işi də həmişə Nazirliyin diqqət mərkəzində olmuşdur. Nazirlik tərəfindən aparılmış məqsədyönlü siyasətin nəticəsidir ki, onun tabeli qurumlarının həyata keçirdikləri təsirli tədbirlərin nəticəsində qanunsuz meşə qırıntılarının həcminin ilbəil azalmasına nail olunmuşdur.
Meşələrin qorunub mühafizə olunmasının gücləndirilməsi məqsədilə, “Meşələrin özbaşına qırıntılardan və digər meşə pozulmalarından qorunması vəziyyətinə operativ nəzarətin təşkil edilməsi haqqında” təlimat işlənib (hazırlanıb) təsdiq olunmuş, eyni zamanda “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində meşələrdə qırıntı nəzarət və seçmə damğalarının verilməsi və istifadəsi Qaydaları” təsdiq edilərək bu sahədə əvvəllər istifadə olunan damğalar tam dəyişdirilmişdir.
Eyni zamanda qeyd edirik ki, meşələrin qorunub mühafizə olunması sahəsində aparılmış məqsədyönlü tədbirlər nəticəsində Respublikaya ağac və ağac məhsullarının idxalı artmışdır. Belə ki, 2003-cü ildə Respublikamızın meşələrində qanunsuz qırıntıların həcmi 49 min m3 olmuşdursa, 2007-ci ilin yekununa görə bu rəqəm 36% azalaraq 31,4 min m3 olmuşdur.
2008-ci ildə Nazirliyin qarşısında qoyulan əsas vəzifələr: Meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqramın icrasının başa çatdırılması, meşə qanunvericiliyinin pozulması hallarının minimuma endirilməsi, meşə fondundan səmərəli və davamlı istifadə edilməsi, meşə təsərrüfatında yeni texnologiyanın tətbiq edilməsi və dərman bitkilərinin emalı müəssisələrinin yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, meşə təsərrüfatının inkişafı məqsədilə investisiyaların cəlb edilməsi və pilot layihələrin həyata keçirilməsi. |