Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Meşələr / Perspektivlər

Meşə təsərrüfatının əsas problemləri və onun həlli yolları

     Azərbaycan özünün təbii zənginliyinə görə dünyanın aparıcı dövlətləri sırasında yer tutur. Respublikamızın ərazisində 450-yə yaxın ağac və kol bitkilərinə rast gəlinir ki, bunlardan da bir çoxu nadir və endemik bitkilərə aiddir.
     Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası bu gün də davam edir. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublikamız ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qalacaqdır. Odur ki, meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində aşağıdakı əsas istiqamətlərə diqqəti artırmaq lazımdır.
      Respublikamızın ərazilərində, xüsusilə də az meşəli aran rayonlarında meşəbərpa və qoruyucu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq lazımdır. Bu istiqamətdə respublikamızın əsas su arteriyası olan Kür və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpası istiqamətində böyük miqyaslı işlər həyata keçirilməlidir.
     Dağ yamaclarında su eroziyasının qarşısını almaq üçün geniş sahələrdə qoruyucu meşəliklər salınmalı, eləcə də iri dağ çaylarının hövzələrinin islah edilməsi üçün kompleks tədbirlər (meşəbərpa və hidromeliorativ) aparılmalıdır.
Respublikamızda dərə-yarğanlarda və Xəzər sahili qumluqlarda xüsusi layihələr əsasında yaşıllaşdırma işlərinin aparılması üçün tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir.
      Respublikamızın kənd rayonlarının qaz və digər yanacaq növləri ilə təmin olunmasında son dövrlər yaranmış çətinliklər əsas yanacaq növü kimi odundan istifadə edilməsinə gətirib çıxarmışdır. Xatırlatmaq lazımdır ki, keçmiş dövrlərdə Rusiyadan hər il 1,2-1,5 mln. m3 odun, 200-250 min ton daş kömürün gətirilməsi demək olar ki, dayandırılmışdır. Bu da, öz növbəsində meşələrimizə olan təzyiqin xeyli artmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, düzən meşələrimizin sahələrinin az və doluluğunun aşağı olması üzündən bu ərazilərdə böyük həcmdə meşəqırma işlərinin aparılması mümkün deyildir. Dağ meşələrinə gəldikdə isə qeyd olunmalıdır ki, onların əksər hissəsi yüksək maillikli dağ yamaclarında yerləşir və burada meşəqırma işlərinin aparılması həmin sahələri eroziya təhlükəsi altında qoya bilər.
      Yerlərdə enerji qıtlığının aradan qaldırılması üçün xüsusi hökumət proqramının hazırlanması meşə oduncağından yanacaq məqsədi ilə istifadə edilməsinin qarşısını alar, beləliklə də mikroiqlimin saxlanmasına və səhralaşmanın qarşısının alınmasına nail oluna bilər.
      Şoran və təkrar şoranlaşmaya məruz qalmış torpaqların yuyulması və bu ərazilərdə iqlimə uyğun ağac cinslərindən ibarət qoruyucu meşə zolaqlarının salınması gələcəkdə istifadədən çıxmış xeyli torpaq sahələrini dövriyyəyə qaytarmağa imkan verər. Respublikamızın meşə təsərrüfatının maşın-traktor parkının yeniləşdirilməsi istiqamətində xeyli işlər görülməlidir. İstər oduncaq hazırlığı, istərsə də yaşıllaşdırma işləri üçün yeni maşın və mexanizmlərin alınması vacibdir. Dövlət meşə fondu torpaqları ilə yanaşı iri sənaye müəssisələri ətrafında böyük sahələrdə yaşıllıqların salınması da vacib istiqamətlərdən biridir.
Qeyd etmək lazımdır ki, bütün meşə təsərrüfatı tədbirləri meşə quruluşu işləri nəticəsində tərtib edilmiş layihələr əsasında aparılmalıdır. Bununla əlaqədar 2002-ci ildə yaradılmış Topogeodeziya və Meşə Quruluşu Ekspedisiyası tərəfindən bütün Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşə quruluşu işləri aparılır. Lakin bu işlərin müasir tələblərə cavab verən Avropa standartları səviyyəsində götürülməsi üçün xeyli miqdarda maliyyə vəsaiti tələb olunur.
      Meşə oduncağından daha səmərəli istifadə etmək üçün ağac emalı və mebel sənayesini inkişaf etdirmək vacibdir. Bu məqsədlə Respublikamızda tez böyüyən ağac növlərindən məqsədli plantasiyalar salınmasının həcmini genişləndirmək lazımdır.
     Respublikamızın meşə təsərrüfatı daha bir ağır problemlə üzləşmişdir. Belə ki, mənfur qonşumuz tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində xeyli ərazilərimiz işğala məruz qalmışdır. Burada yerləşən meşələrimizə xüsusilə də dağ meşələrimizə sağalmaz yara vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində 246 min ha meşə sahəsi işğal altında qalmış və vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır. Azərbaycan meşələrinin vəhşicəsinə qırılması ilə Ermənistan ağac emalı sənayesinin güclü inkişafı müşahidə edilir. Belə ki, Ermənistanda 1989-cu ildə oduncaq daşınmasının ümumi həcmi 58 min m3 olduğu halda, 1993-cü ildə 3,5 dəfə artaraq 206,6 min m3, işlik oduncağın hazırlanması və daşınması həcmi isə 1988-ci ildə 7,2 min m3-dan 1,97 dəfə artaraq 1993-cü ildə 14,2 min m3 təşkil etmişdir. Bütün bunlara Azərbaycan meşələrinin vəhşicəsinə qırılması nəticəsində nail olunmuşdur. Burada xatırlatmaq lazımdır ki, Ermənistan meşələrinin sahəsi Respublikamızın ümumi meşə sahəsindən 3 dəfə azdır.
     Işğal olunmuş Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda 107 ha Şərq çinarının nadir təbii ağaclığı məhv edilir. Bu sahədə vurulmuş ziyanın miqdarının hesablanması ancaq beynəlxalq təşkilatların gücü ilə mümkündür. Bu gün dünya dövlətlərinin əksəriyyəti dövlət xəzinəsini doldurmaq üçün turizmdən geniş istifadə edir. Respublikamızın təbiətinin füsünkar gözəlliyi, nadir təbiət abidələrinin olması, burada müxtəlif iqlim qurşaqlarının mövcudluğu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
     Yuxarıda qeyd edilmiş problemləri həll etmək və tədbirləri həyata keçirmək üçün xeyli maliyyə vəsaiti tələb olunur. Respublikamızın indiki şəraitdə, maliyyə imkanlarının məhdud olduğu bir vaxtda bu işləri görmək üçün beynəlxalq təşkilatların, xüsusilə də ekoloji təşkilatların maliyyə yardımına böyük ehtiyac vardır. Ona görə də müxtəlif təşkilatların qəbul etdiyi beynəlxalq konvensiyalara qoşulmaqla bu problemlərin bir çoxunu həll etmək mümkündür.




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com