|
Azərbaycan Respublikasının 8,6 mln hektarlıq ərazisinin 1,214 mln ha meşə fondu torpaqlarıdır. Bundan meşə ilə örtülü sahə 1,021 mln ha təşkil edir ki, bu da ümumi ölkə ərazisinin 11,8 %-i qədərdir. Meşələrimizin 95%-ə qədəri dağlıq və dağətəyi ərazilərdə, qalan 5%-i isə əsasən çay vadilərində, düzən ərazilərdə yayılmışdır. Meşələrimiz yayıldığı əraziyə görə, sırf qoruyucu funksiyaları yerinə yetirir. Ona görə də 1-ci qrup meşələrə aid edilmişdir.
Ərazisinin 20-25%-nin meşə ilə örtülü olan ölkələrdə su qıtlığına, qeyri-sabit iqlim şəraitinə, torpaqların deqradasiyasına və eroziyasına, bataqlıq və şoranlıq sahələrə az təsadüf edilir. Bu baxımdan meşələrimiz Respublikada ekoloji tarazlığı qoruyub saxlamaq üçün yetərincə deyil, ona görə meşələrimiz ciddi mühafizə olunmalı, qorunmalı və artırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə son illərdə xeyli məqsədyönlü işlər görmüşdür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən 2010-cu il ərzində 10550 ha qarşı cəmi 10696 ha sahədə meşəbərpa, o cümlədən 3500 ha-ya qarşı 3521 ha sahədə meşə əkini və səpini, 7175 ha sahədə isə təbii bərpaya kömək tədbirləri aparılmışdır. 138352 kq toxum tədarük edilmişdir.
Tinglik sahələrində ağac və kol cinslərindən ibarət müxtəlif çeşidlərdə 24,3 mln ədəd əkin materialları yetişdirilmişdir. Yetişdirilmiş əkin materialları nəzərdə tutulan meşə əkini, təmir doldurma işlərini təmin etməklə yanaşı, Respublikanın şəhər və qəsəbələrinin, magistral avtomobil yolları kənarlarının, çay və su hövzələri ətraflarının yaşıllaşdırılması üçün istifadə edilmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli qurumları tərəfindən 2010-cu ildə aparılmış yaşıllaşdırma işlərinə 10835,3 min ədəd , o cümlədən Bakı və Bakı ətrafında 1841 min ədəd əkin materialları istifadə olunmuşdur.
2010-cu il ərzində müəssisələr üzrə 37640 m³ həcmində oduncaq tədarük olunmuşdur. Yardımçı təsərrüfat sahəsi üzrə 784 ton təbii ot, 9 ton bağ meyvəsi, 63 ton bağ narı, 8 ton qoz, 26 ton fındıq, 3 ton şabalıd, 5 ton feyxua, 1 ton kivi, 2077 kq əmtəəlik bal tədarük edilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı ilk gündən meşələrin bərpa olunması və yeni meşələrin salınması ilə yanaşı, meşələrin qorunub mühafizə olunması işi də həmişə Nazirliyin diqqət mərkəzində olmuşdur. Hal-hazırda meşələrin qorunub mühafizə olunması ilə 1300 nəfər meşə mühafizə işçisi məşğul olur ki, onlar meşələrin qorunub mühafizə olunması vəziyyətinə operativ nəzarəti həyata keçirirlər. Nazirlik tərəfindən aparılmış məqsədyönlü siyasətin nəticəsidir ki, onun tabeli qurumlarının həyata keçirdikləri təsirli tədbirlərin nəticəsində özbaşına (qanunsuz) meşə qırıntılarının həcminin ilbəil azalmasına nail olunmuşdur.
Belə ki, 2003-cü ildə Respublikamızın meşələrində qanunsuz qırıntıların həcmi 49 min m³ olmuşdursa, 2010-cu ilin yekununa görə bu rəqəm 31% azalaraq 34,9 min m³ olmuşdur. 2010-cu il ərzində protokollaşdırılmış qanunsuz qırıntılara görə 374 nəfər meşə mühafizə işçisi barəsində müxtəlif intizam tənbehi tədbirləri həyata keçirilmişdir. Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülməsi üçün 72748 manat məbləğində 295 iş hüquq mühafizə orqanlarına göndərilmişdir.
Yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı alınmış, 2010-cu il ərzində, ümumilikdə 49,97 ha meşə fondu ərazisində yanğın hadisəsi baş vermiş, lakin həmin yanğın hadisələri operativ qaydada ləğv edildiyindən, meşə fonduna ciddi ziyan dəyməmişdir.
Meşələrin qorunub mühafizə edilməsi və yeni meşə sahələrin salınması istiqamətində işlər intensiv olaraq davam etdirilir. |