Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Meşələr / Meşəbərpa tədbirləri

Meşəbərpa tədbirləri

    Azərbaycan Respublikası ərazisinin ümumi sahəsi 8,6 milyon hektardır. Azərbaycan meşə fondu torpaqlarının ümumi sahəsi 1,214 mln hektardır. Bundan meşə ilə örtülü sahə 989,4 min hektar təşkil etməklə ümumi ərazinin 11,4 %-i qədərdir. Hər adambaşı təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən təqribən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələri əhəmiyyətinə görə birinci qrupa aid edilir. Bu meşələr əsasən torpaqqoruyucu, sutənzimləyici, kurort, sağlamlaşdırıcı və s. faydalı funksiyaları daşıyır. Yer kürəsində iqlim dəyişməsi nəticəsində baş verən kataklizmaların və digər neqativ təbii proseslərin qarşısının alınması ilk növbədə meşələrin və yaşıllıqların artırılması, mövcud meşələrin qorunub saxlanması ilə bilavasitə bağlıdır.
Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi dövlət proqramı hazırlanmış və bu proqrama görə Respublikamızda meşələrin sahəsinin optimal həddə – ərazinin 20%-inə qədər artırılması nəzərdə tutulub.
    Təsadüfi deyil ki, respublikamızda meşələrin bərpa edilməsi və artırılmasına dair “Milli Proqram”ın hazırlanması barədə Azərbaycan Respublikası Prezidenti 18 fevral 2003–cü il tarixli 1152 saylı fərman imzalamışdır. Fərmana əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət və yerli özünüidarəetmə orqanlarını və elmi təşkilatları cəlb etməklə, ölkədə meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram hazırlanmışdır. Proqram üzrə 69700  hektar sahədə meşələrin bərpası  və yeni meşələrin salınması tədbirləri yerinə yetirilməlidir. Bunun da 66400 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payına düşür ki, Nazirlik müvafiq olaraq 41700 hektar ərazidə yeni meşələrin salınmasını həyata keçirməlidir. Bunun üçün meşəsalma üzrə 5 ixtisaslaşdırılmış müəssisənin yaradılması da nəzərdə tutulub.
    Milli Proqramın tələbinə uyğun ən çətin bitmə şəraiti olan, sürətli səhralaşmaya məruz qalan Qobustan rayonunda Cəngi meşəsalma müəssisəsi yaradılmışdır. Buranın müxtəlif geoloji proseslərə məruz qalması, bitki ör­tüyünün zəifliyi, sel və külək eroziyaları nəticəsində torpağın humus qatının parçalanması, ağır gil qatının forma­laşması bu ərazinin gələcəyini təhlükə qarşısında qoyduğundan, ilk olaraq Cəngidə meşəsalma işlərinə başlandı. Susuzluq bu yerlərdə torpağın köksünü parçalamış, ərazini boz səhraya çevirmişdir.
Sınaq məqsədilə 85 hektar sahədə quraqlığa davamlı ağac və kol cinslərindən istifadə etməklə meşə əkininə başlanmışdır. Cəngi Meşəsalma Müəssisəsi yarandığı gündən hal–hazırki vaxta kimi Cəngi kəndindən Bakı–Şamaxı şosse yolunun sağ və sol kənarı boyu Qobustan rayonunun Ceyrankeçməz arazisi istiqamətində 272 hektar sahədə meşə əkini salınmışdır. Qeyd olunan ərazidə gələcəkdə 2 min hektar həcmində meşə zolaqları salınması nəzərdə tutulmuşdur. Həmçinin Respublikanın arid zonalarından sayılan Qaradağ inzibati ərazisində 2002–ci ildə Qaradağ Meşəsalma Müəssisəsi yaradılmışdır. Bu ərazidə meşəbitmə şəraitinin ağır və su qıtlığının olmasına baxmayaraq 187 hektar sahədə meşə əkini işləri aparılmışdır. Dənizkənarı qumluqların bərkidilməsi və Bakı–Rostov magistral şosse yolunun kənarlarının yaşıllaşdırılması məqsədilə Xızı inzibati rayonu ərazisində Giləzi Regional Meşəsalma Müəssisəsi yaradılmışdır. Müəssisə yarandığı vaxtdan 333 hektar meşə əkini işləri aparmışdır. Bununla yanaşı Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Respublikada həyata keçirilən “Selə qarşı tədbirlər layihəsi” çərçivəsində Şəki rayonunun Kiş çayı hövzəsində  550 ha sahədə meşəsalma və meşəbərpa  tədbirləri həyata keçirilir.Hövzə ərazisinin 250 ha sahədə yeni meşəliklərin salınması, 300 ha sahədə isə təbii bərpaya kömək tədbirlərinin aparılması nəzərdə tutulmuşdur.
    Regionda təbii halda bitən əsas meşə əmələ gətirən  ağac cinslərindən əkin materiallarının yetişdirilməsi üçün 2 ha sahədə tinglik salınmışdır. Bundan əlavə polietilen torbalarda əsasən palıd cinsindən ibarət 70 min ədəd örtülü kök sistemli əkin materiallar yetişdirilmişdir. Ərazidə təsərrüfat fəaliyyətinin məhdud­laş­dırılmış, qanunsuz qırıntı və öz başına mal-qara otarılması tam dayan­dırıl­mışdır. 2008-ci ildə layihə üzrə görülən işlər yekunlaşdırılacaqdır.
    Bütün bunlardan başqa Respublikanın arid zonalarında külək və su eroziyası olan dağlıq və dağətəyi bölgələrində, Xəzər sahili qumluqlarda qoruyucu meşə massivlərinin yaradılması üçün tələb olunan müxtəlif çeşidli ağac və kol cinslərindən ibarət əkin materialı yetişdirmək məqsədilə Abşeron, Quba və Kür (Hacıqabul rayonunda) regional meşə tingliyi müəssisələri yaradılmışdır. Adı çəkilən tingçilik müəssisələrində yarandıqları vaxtdan hal–hazıra kimi 21 mln. ədəddən çox müxtəlif ağac və kol cinslərindən ibarət əkin materialları yetişdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan hal–hazırki dövrədək cəmi 60674 hektar ərazidə meşəbərpa işləri aparmışdır ki, bunlardan da 24132 hektarı yeni meşələrin salınmasıdır. Eyni zamanda bu dövrlərdə cəmi 200 mln. ədəd müxtəlif çeşidlərdə əkin materialları yetişdirilmiş və cəmi 1155 ton meşə cinslərindən ibarət toxum tədarük olunmuşdur. Respublikamızda səhralaşmaya qarşı mübarizə aparmaq, ekoloji tarazlığın bərpa edilməsi üçün mümkün olan bütün vəsaitlərdən istifadə etmək, o cümlədən əhalinin mənalı istirahətini təşkil etmək görülən işlərin əsas məqsədidir. Ölkənin bütün sahələrinin gələcək inkişafının real perspektivləri hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi altında respublikanın meşə təsərrüfatının inkişafının daha böyük nailiyyətlər əldə ediləcəyinə ümid verir. Təbiət də, onun nemətləri də insanı yaşatmağa qadirdir. Bir şərtlə ki, onu sevməyi və sevdirməyi bacarasan. Təbiətin qiymətli sərvətlərindən biri də meşədir. Meşələr hər bir ölkədə iqtisadiyyatın inkişaf etdirilməsində, ətraf mühitin yaxşılaşdırılmasında, xalqın rifahının yüksəldilməsində mühüm rol oynayan təbii ehtiyatlar kompleksidir. Meşələr iqlimə, atmosferə, çayların və digər su obyektlərinin hidroloji rejiminə əlverişli təsir göstərir, torpağı külək və su eroziyasından qoruyur. Meşələrdən sağlamlıq məqsədilə əhalinin mədəni və estetik tələblərinin ödənilməsi üçün də istifadə edilir...




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com