Az    Eng








Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda












Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07


Geologiya / Seysmogeodinamik tədqiqatlar

Seysmogeodinamik tədqiqatlar

Seysmogeodinamik proseslərin monitorinqi.

Azərbaycan Respublikası ərazisi Alp-Himalay qırışıqlıq qurşağının Qafqaz seqmentinin tərkib hissəsi olub, mürəkkəb geoloji inkişaf tarixi keçmişdir. Ərazinin çoxsaylı tektonik pozulmalarla mürəkkəbləşməsi, geodinamik proseslərin intensivliyi, seysmogeoloji və seysmotektonik şəraitin mürəkkəbliyi zaman-zaman burada güclü və dağıdıcı zəlzələlərin baş verməsinə səbəb olmuşdur. Tarixi dövr ərzində ölkə ərazisində onlarla dağıdıcı zəlzələnin baş verməsi nəticəsində yüz  minlərlə insan tələf olmuşdur. 1139-cu ildə Göy-göl zəlzələsi zamanı 250  mindən  artıq  insan həlak  olmuş, böyük miqdarda maddi itkilər qeyd olunmuşdur. XX əsrin əvvəlində (1902-ci il  13  fevral) Şamaxı seysmoaktiv zonasında baş vermiş  I=9-10 ballıq  (MSK-64 bölgülənməsi) zəlzələ nəticəsində 80 mindən artıq insan ölmüş, şəhər və ətraf yaşayış  məntəqələri tamamilə yerlə yeksan olmuşdur.  Son 100 il ərzində ölkə ərazisində dağıdıcı və katastrofik zəlzələlər baş verməsə də çoxsaylı güclü zəlzələlər qeyd olunmuşdur. 25 noyabr  2000-ci il Bakı zəlzələsi (M=6.3) göstərdi ki, bu region daim yüksək seysmik təhlükə altındadır və insanlar bu təbii  fəlakətlə yanaşı yaşamağa  məhkumdur.
Müasir elmin qarşısında duran ən aktual problemlərdən biri də məhz bu  təhlükənin önlənməsi və qarşısının alınmasına yönəldilmişdir. Problemin həllinin iki yolu mövcuddur: birincisi, regionda yüksək seysmoaktivliyi ilə seçilən zonaların müəyyənləşdirilməsi, seysmik prosesləri generasiya edə bilən əsas mənbələrin təyin edilməsi, proseslərin evolyusiya və formalaşmasının, fiziki-mexaniki xüsusiyyətlərinin, onların təbiətinin və öncədən xəbər verilməsi kriterilərinin tədqiqidir; ikincisi və daha mühümü seysmik dayanıqlı tikinti  problemlərinin  həllidir.
Hazırda ölkə ərazisinin 30%-dən artıq hissəsini təşkil edən və 3 mln.-dan artıq insanın yaşadığı Böyük Qafqazın cənub və cənub-şərq yamacı, Gəncə-Basarkeçər, Yuxarı-Qarabağ, Lənkəran-Lerik, Xəzərin Azərbaycan akvatoriyası və Naxçıvan MR bölgələri güclü və dağıdıcı zəlzələlərin baş vermə ehtimalı yüksək olan zonalardır.
Yüksək intensivlikli (I=8-9bal) zəlzələlərin baş vermə yerləri çox məhdud ərazilər olsa da I=6-7 bal intensivlikli zəlzələ ocaqları geniş əraziləri əhatə edir.
Ölkə ərazisində güclü zəlzələlərin baş verməsini şərtləndirən əsas faktorlar ərazidən keçən çoxsaylı aktiv dərinlik qırılmaları və bu xətlər üzrə intensiv tektonik proseslərin getməsidir. Son tədqiqatlara əsasən ölkə ərazisində  seysmotektonik, seysmogeoloji və seysmoloji xüsusiyyətlərinə görə bir birindən kəskin fərqlənən 20 seysmotektonik blok müəyyənləşdirilmişdir. Bu blokları sərhədləndirən əsas tektonik pozulma xəttləri və onların kəsişmə  zonaları daim yüksək seysmikliyi ilə fərqlənirlər. Seysmostatistik məlumatlara görə ölkə ərazisində baş vermiş zəlzələlərin 70%-dən artıq hissəsi məhz bu  ərazilərə təsadüf edir.
Adətən tektonik  pozulma  xəttləri  üzrə konsentrasiya olunmuş zəlzələ episentrləri xətti, onların kəsişmə həlqələrində olan episentrlər isə sahəvi zəlzələ ocaqlarını, blokdaxili tək-tək zəlzələlər isə nöqtəvi ocaq zonalarını yaradır. Respublika ərazisində baş vermiş zəlzələlərin hiposentrləri 4 səviyyəyə malikdirlər. Birinci səviyyə bilavasitə mezokaynozoy struktur kompleksi ilə əlaqədar olub 0-10 km dərinliklərə uyğun  gəlir. Bu zəlzələlər əsasən Böyük  və Kiçik Qafqaz meqantiklinallarına aiddirlər. 
İkinci hiposentral səviyyə bilavasitə Alpaqədər təməl səthi səviyyəsində olub 10-20 km dərinlikdədirlər. Üçüncü hiposentral səviyyə 20-40 km dərinliklərdə əsasən Kür depressiyası, Böyük Qafqazın cənub yamacı və Kiçik Qafqaza aiddir. Dördüncü hiposentral səviyyə 40 km-dən dərində yerləşən hiposentrlərdir və  əsasən Kür depressiyası  Böyük  Qafqazın Xəzər dənizinə  dalma hissələrində  müşahidə  olunur.
Böyük Qafqaz və Kür depressiyasında aparılmış kompleks geoloji-geofiziki kəşfiyyat işləri nəticəsində tərtib edilmiş seysmogeoloji kəsilişlər və seysmomodellərə əsasən regionun seysmikliyi və seysmoloji şəraiti geoloji kəsilişdə iştirak edən müxtəlif qalınlıqlı (7-8 km-dən 14-17 km-ə qədər) aşağı sürətlər (riolit qatı) zonasının olmasıdır.

Seysmik rayonlaşdırma xəritəsinə görə respublika ərazisi 8-9 ballıq zonalara ayrılır. 9 ballıq zonalar Samur dərəsi, Şamaxı-İsmayıllı, Şəki-Oğuz, Zaqatala, Kiçik Qafqaz və Naxçıvan MR ərazilərini əhatə edir. Bu zonalardan Şamaxı-İsmayıllı və Kəlbəcər seysmotektonik bloklarında maksimal zəlzələlərin baş vermə ehtimalı 100 ildən bir, Şəki-Oğuz, Zaqatala,Xəzər dənizi,  Yuxarı Qarabağ və Zəngəzurda 1000 ildən bir, digər qalan ərazilərdə 10000 ildən bir baş verir. Respublikanın digər əraziləri isə 8 ballıq zonaya aid edilmişdir. Abşeron yarımadası və Lənkəran - Lerikdə  maksimal zəlzələlər 100 ildən bir,  digər ərazilərdə isə 1000 ildən bir müşahidə olunur.

Azərbaycan ərazisinin əsas zəlzələ ocaqları  zonaları:

Sahəvi ocaqlar                                                          
1. Zaqatala ocaq zonası Imax=92          
2. Şəki ocaq zonası   Imax=92            
3.Şamaxı-ismayıllı ocaq zonası Imax=91  
4. Yaşma-Xəzər ocaq zonası Imax=81 
5. Cənub Abşeron ocaq zonası Imax=8         
6. Tovuz-Ceyrançöl ocaq zonası Imax=82   
7. Zərdab ocaq zonası Imax=82                  
8. Cəlilabad ocaq zonası  Imax=82               
9. Şərur-İqdır ocaq zonası   Imax=93            
10. Dağlıq Talış ocaq zonası Imax=81      
 

Xətti ocaqlar
1.Şimal Abşeron -Xəzər osaq zonası  Imax=81
2. Abşeron-Balxanyanı ocaq zonası   Imax=81 
3. Siyəzən ocaq zonası Imax=82 
4. Qəbələ-Şahdağ-Samur ocaq zonası Imax=92
5. Mincəçevir-Ağdaş ocaq zonası  Imax=82
6. İmişli-Saatlı ocaq zonası Imax=82 
7. Sabirabad ocaq zonası I max=82
8. Gəncə-Göygöl ocaq zonası Imax=91  
9. Kəlbəcər-Qarabağ ocaq zonası Imax=92
10. Zəngəzur ocaq zonası Imax=92

Respublika ərazisinin seysmogeodinamik şəraitinin öyrənilməsi və onun dəyişmələrinə nəzarət məqsədilə aparılan kompleks geoloji-geofiziki və hidrogeoloji tədqiqatlar 17 məntəqədən ibarət regional müşahidə şəbəkəsində və 3 seysmoloji poliqonda (Şamaxı-İsmayıllı, Mingəçevir-Şəmkir və Abşeron) həyata keçirilir.
Seysmogeodinamik şəraitin öyrənilməsi məqsədilə  seysmoaktiv bölgələrdə aparılmış seysmik, maqnit tellurik, qravimaqnit və digər tədqiqat  nəticələrinə əsasən tərtib edilmiş dərinlik kəsilişlərindən göründüyü kimi  Böyük və Kiçik Qafqaz meqastrukturlarının azərbaycan kəsimləri mürəkkəb geoloji-tektonik və  seysmoloji şəraitə malik  olub neotektonik hərəkətlərin intensiv getdiyi bölgələrdir. 
Ümumqafqaz istiqamətli seysmogen zonallığa malik bu geostrukturlar aktiv zonalar hesab edilir. Lakin ayrı-ayrı seysmik aktivlik mərhələlərində bu zonaların müxtəlif kəsimləri seysmik “sakitliklə” xarakterizə olunur. Bu isə ümumqafqaz zonallığın en istiqamətli dərinlik qırılmalarilə kəsilməsi nəticəsində əmələ gələn seysmogen strukturların varlığı ilə izah edilə bilər. Azərbaycan ərazisində xəritələnmiş  və seysmogeodinamik şəraiti şərtləndirən əsas seysmogen tektonik pozulma xətləri parametrləri və yerləşməsinə görə müxtəlif gücdə zəlzələlər generasiya edə bilər. Belə ki, iri geostrukturları sərhədləndirən dərinlik qırılma  zonaları 9 ballıq, geostruktur daxili tektonik pozulma zonaları isə 7-8 ballıq zəlzələlər generasiya edə bilər. Nisbətən kiçik ölçülü blokdaxili tektonik pozulma zonaları isə daha çox nöqtəvi və zəif zəlzələlər doğururlar.
Seysmoaktiv bölgələr üçün tərtib edilmiş modellər üzrə  müəyyən edilmiş seysmogenerasiya zona və strukturları, hiposentral  mühit seysmik risk zonalarının seçilməsi və potensial ocaqların proqnozlaşdırılmasına imkan verə bilər. Xüsusilə geoloji kəsilişdə müxtəlif səviyyələrdə müşahidə olunan aşağı sürətlər zonasının olması geodinamik proseslərin xarakterinə əhəmiyyətli dərəcədə təsir göstərir. Böyük və Kiçik Qafqaz meqantiklinallarından fərqli olaraq Kür depressiyasının zəif  seysmikliyi burada  riolit  qatınınaə olması  ilə izah edilə bilər.
Regional planda Qafqazın, o cümlədən Anadolu-Zaqros seysmogeodinamik zonasının geodinamik şəraiti Qırmızı dəniz rift zonasının açılması və Ərəbistan plitəsinin şimal-şərq istiqamətli tangensial basqısı nəticəsində yaranan gərginlik deformasiya proseslərinin intensivliyindən asılı olduğundan son illər bu regionda  dağıdığı zəlzələlərin baş verməsi tektonik proseslərin yeni, daha aktiv fazaya daxil olmasına dəlalət edir. İri geostrukturları sərhədləndirən  Şimal Anadolu-Zaqros tektonik pozulma sistemində 1999-cu ildə, Böyük Qafqaz tektonik  pozulma zonası üzrə 2000-ci ildə baş vermiş güclü zəlzələlərdən sonra Alp-Himalay qırışıqlıq sisteminin bu kəsimində uzununa zonallıq boyunca seysmik enerjinin boşalması müşahidə edilsə də en və ortoqonal istiqamətli pozulma xəttləri boyunca endogen enerjinin toplanması  ilə gərginliyin artması davam etməkdədir. Bu isə məhz son 2003-cü il Türkiyə (Bingöl) zəlzələsi ilə bir daha təsdiq olunur. Regionun seysmogeodinamik şəraitinin formalaşmasında əsas rol oynayan Şərqi-Anadolu və ya Levant tektonik Pozulmanın cənub qərb hissəsində baş vermiş son seysmik proses zəlzələ ocaqlarının şimal istiqamətində miqrasiyasının davam edə bilməsini güman etməyə əsas verir. Bu şərt daxilində hazırda Qərbi Qafqaz Qafqazda ən yüksək seysmik risk zonası kimi qiymətləndirilir.
Güclü və dağıdıcı zəlzələlərin proqnozlaşdırılması, onun zərərli təsirlərinin qarşısının alınması və minimuma endirilməsi sahəsində Azərbaycan Respublikasında tədqiqatlar 1979-cu ildən təcrübi-metodik, 1986-cı ildən praktik istiqamətlərdə aparılmağı başlanmışdır. Artıq uzunmüddətli proqnoz xəritələrinin müvəffəqiyyətli tərtibi tədqiqatların yeni mərhələsini, orta və qısamüddətli proqnoz kriterilərinin müəyyənləşdirilməsiniə yönəltməyə əsas vermişdir. İlkin olaraq respublika ərazisinin seysmoaktiv bölgələrində iri geostrukturları və əsas zəlzələ ocaqlarını kəsib keçən geotraverslər üzrə yer qabığının Moxoroviçiç səthinə qədər  60-km dərinlik quruluşu öyrənilmiş, əsas seysmogen zona və strukturlar müəyyənləşdirilərək potensial seysmik risk zonaları müəyyənləşdirilmişdir. Hazırda seysmik proseslərin proqnostik əlamətlərinin müəyyənləşdirilməsi, onun vaxtı, yeri və gücünün proqnozlaşdırılmasının yeni metodikasının işlənib hazırlanması məqsədilə dünya təcrübəsində sınaqdan çıxarılmış aşağıdakı üsullardan istifadə edilir.
1.Yer Qabığının geodinamik  modellərinin tərtibi; 
2. Yeraltı təzyiqli  suların hidrodinamik parametrlərinin variasiyası;
3. Geomaqnit sahəsinin variasiyası;
4. Geoelektrik sahəsinin variasiyası;
5. Torpaqda radonun (alfa aktiv qazlar) konsentrasiyası;
6. Mikroseysmlərin  (seysmik-küy) öyrənilməsi;
7. Yeraltı suların kimyəvi tərkibi və fiziki-mexaniki xüsusiyyətlərinin dəyişmələrinin öyrənilməsi.

Seysmogeodinamik tədqiqatların əsas nəticələri və regionun seysmogeodinamik şəraitinin qiymətləndirilməsi
Seysmogeodinamik monitorinq məlumatlarının real zaman çərçivəsində operativ toplanması və interpretasiyası olkə ərazisində potensial  seysmik risq zonalarının müəyyənləşdirilməsinə imkan verir. Son illər potensial seysmik risq zonalarının proqnozlaşdırılması ehtimalı 50-60% hüdudlarında qiymətləndirilmişdir. Bu qısamüddətli proqnoz kimi qəbul edilməsə də, seçilmiş metodologiyanın məqbul sayılmasını şərtəndirir.
2010-cu ildə ümumən, Alp-Himalay qırışıqlıq qurşağında seysmogeodinamik proseslərin aktivləşməsi müşahidə olunmaqdadır. Bu proseslər eyni zamanda And-Kordilyer seysmogen zonası və Sakit okean sahilləri zəlzələ ocaqları üçün də xarakterik olmuşdur. Məlumdur ki, 10-29 yanvar 2010-cu il dövründə Haiti, Yamayka, ABD, Pakistan, Çin, Yaponiya, İran  və Boliviyada baş vermiş M>5 maqnitudalı zəlzələlər baş vermişdir ki, bu da planetar miqyasda seysmogeodinamik aktivləşmənin yeni mərhələsinin başlanmasını təsdiq edir. Bu mərhələdə Qafqaz regionu və ona yaxın ərazilərdə güclü zəlzələlər yalnız İİR ərazisində baş vermişdir. Azərbaycan ərazisində isə yalnız Lerik-Lənkəran, Mingəçevir,  Xəzər dənizi  və Qax zəlzələ ocaqlarında M=2-3 maqnitudalı çoxsaylı zəlzələlər qeyd olunmuşdur. Operativ monitorinq məlumatlarının analizi və seysmostatistik təhlillərə əsasən Qafqaz seysmogeodinamik poliqonunda orta güclü zəlzələlərin baş vemə ehtimalı yüksək qiymətləndirilir.




17/01/2012. Yaponiyada 4,7 bal gücündə zəlzələ baş verib
12/01/2012. Braziliyada güclü yağış: 16 ölü
11/01/2012. İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
06/01/2012. İranda 5 bal gücündə zəlzələ olub
05/01/2012. Braziliyada daşqınlar 8 nəfərin həyatına son qoyub












Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ekologiya.nazirliyi@gmail.com