 Naxçıvan Geoloji Axtarış Ekspedisiyası üzrə 7 obyektdə geoloji-kəşfiyyat işləri aparılmışdır. Əlvan (mis), nəcib (qızıl), metallara qeyri-filiz (seolit) və tikinti materiallarına (gil) geoloji-kəşfiyyat işləri, habelə Gümüşlü, Parağaçay kimi dağ-mədən komplekslərinin işlədiyi sahələrdə geokoloji tədqiqatlar aparılır. 2007-ci ilə ayrılmış büdcə vəsaiti 313700 manat olmuşdur. Paradaş strukturu sahəsində köklü qızıl filizlərinin axtarış işlərinin nəticələri, MR-nın qərb hissəsinin çay vadilərində səpinti qızıl axtarışı işlərinin nəticələri, Payız-Qırxlardağ filizləşmə sahəsində qızıl və qızıl saxlayan kompleks filiz yataqlarının axtarışı işlərinin nəticələri haqqında hesabat tərtib olunaraq müdafiə olunmuşdur.
Naxçıvan MR-nın ərazisi faydalı qazıntı yataqlarının və təzahürlərinin aşkar edilməsində Kiçik Qafqazın ən yüksək perspektivli regionlarından sayılır. Hələ keçən əsrin ortalarında bir sıra yataqlar (Gümüşlük- Ağdərə-polimetal, Parağaçay-mis-molibden, Darıdağ-mərgümüş) aşkar edilmişdir. Naxçıvanda yüksək keyfiyyətli Daşduz yatağı vardır və onun istismarı davam etdirilir. Bunlardan əlavə son zamanlarda Naxçıvan MR-sı ərazisində Orənqala -mərmər, Qarabağlar-üzlük-travertin, Qabullu-poliqorskit və Nehrəm-üzlük-bəzək konqlomerat yataqları da aşkar edilmişdir. Göycələr sahəsində (Ordubad rayonu) xalq təsərrüfatında mühüm əhəmiyyəti olan seolit yatağı aşkarlanmışdır.
Həmçinin Göydağ-mis, Nəsirvaz-mis-polimetal yataqlarında axtarış-qiymətləndirmə işləri aparılmış və onların proqnoz resursları hesablanmışdır. I növ seolit xammalına müvafiq olan Göycələr seolit təzahürünün C2 kateqoriyası ilə ehtiyatı hesablanmışdır.
Qeyri-filiz xammalı (Çənnəb sahəsinin cinahlarında) və tikinti materialları yataqlarına (Kəngərli sahəsi) geoloji axtarış işləri davam etdirilir.
Hazırda Culfa rayonunun Xanəgah sahəsində mis-porfir filizlərinə, Xanağadağ sahəsində səpinti qızıla axtarış-qiymətləndirmə işləri aparılır.
Naxçıvan MR-sı ərazinin faydalı qazıntılara nəzərən perspektivliyi yenidən qiymətləndirilir və dağ-mədən sənayesinin ayrı-ayrı istiqamətləri üçün mineral- xammal resursları axtarılır.
Uzun illər intensiv geoloji-kəşfiyyat və istismar işləri aparıldığından bütövlükdə Naxçıvan MR-sı ərazisinin mövcüd geoekoloji durumunun qiymətləndirilməsinə ciddi ehtiyac vardır və bu məqsədlə geoekoloji tədqiqatlara başlanılmışdır.
|