|
Ekspedisiya üzrə 12 obyektə geoloji planalma işləri aparılmışdır. İşlər 8 obyektdə 1:50000, 2 obyektdə 1:25000 miqyasda aparılmışdır. Oğuz-Qəbələ sahəsində geoloji tədqiqatlar ümumi radiasiya nəzarəti həyata keçirilmişdir. Ayrılmış büdcə vəsaiti 437000 manat olmuşdur. Cənubi-Qərbi Qobustan sahəsində axtarışla birgə geoloji planalma işlərinin, Baş Göynük-Oğuz arası sahədə Vəndam zonası hüdudlarında aparılmış kompleks geofiziki işlərinin nəticələri haqqında hesabat tərtib olunmuşdur.
Azərbaycan Respublikasının geologiyası nisbətən yaxşı öyrnilmişdir. 1:500000 miqyaslı faydalı qazıntılar, geoloji, tektonik, metallogenik, hidrogeoloji mühəndis-geoloji, tektomaqmatik, tektonik, həmçinin geokimyəvi, geofiziki anomaliya xəritələri tətrib olunmuşdur. Bütün ərazi 1:200000 miqyaslı regional geoloji və geofiziki planalma işləri ilə örtülmüşdür.
Geoloji-kəşfiyyat işlərinin sonrakı mərhələlərinin səmərəliliyini artırmaq, ayrı-ayrı faydalı qazıntı resurslarının mötəbərliyini təmin etmək, geoloji quruluşun bütün aspektlərini öyrənmək üçün ən vacib növ 1:50000 miqyaslı regional geoloji planalma işləridir, xüsusilə vacib filiz rayonlarında daha iri miqyaslı lokal geoloji planalma işləri həyata keçirilir.
Azərbaycanın qırışıqlıq-dağlıq sistemlərinin (Böyük Qafqaz, Kiçik Qafqaz) 1:50000 miqyaslı regional planalma işləri başa çatdırılmışdır. Hazırda Acınohur geoloji əyalətində, Böyük Qafqazın cənubi şərq gömülmə hissəsində – Abşeron yarımadasında və Dağlıq Talışda (Burovar) aparılan bu miqyaslı işlərin başa çatdırılması ilə bütövlükdə müxtəlif sənaye-genetik tipli faydalı qazıntıların yerləşmə qanunauyğunlqları, stratiqrafiya, litologiya, tektonika və maqmatizm haqqında çox vacib məlumatlar əldə ediləcəkdir.
- Böyük Qafqaz regionunun Şəki-Qəbələ kəsimində aşkar olunmuş ultraəsası və əsasi tərkibli maqmatik komplekslərin hüdudlandırılması məqsədi ilə məxsusi geofiziki işlər (qravikəşfiyyat) davam etdirilir.
- Göygöl filiz sahəsində və Böyük Qafqazın cənubi şərq davamının yüksək dağlıq hissələrində filizə perspektivli hesab olunan ərazilərdə lokal filiz sahələri, təzahürləri və yataqları aşkarlamaq məqsədi ilə 1:25000 miqyaslı axtarışla birgə planalma işləri davam etdirilir.
- Respublika ərazisinin faydalı qazıntılıra nəzərən perspektivliyinin yeni geoloji nəzəriyyələrə, son dövrlərdə müəyyənləşdirilmiş filiz formasiyalarına nəzərən yenidən qiymətləndirilməsindən ötrü geoloji tədqiqatlar aparılır.
- Azərbaycan müstəqillik əldə etdikdən sonra bütövlükdə respublika ərazisinin geoekoloji durumunu qiymətləndirilməsi məqsədi ilə (məlumdur ki, sovetlər dönəmində kənd təsərrüfatında məhsuldarlığı yüksəltmək üçün zəhərli kübrələrdən, pestisidlərdən istifadə olunurdu, sovet ordu hissələri yerləşən ərazilərdə insan orqanizminə zərərli təsir edə biləcək tullantıların atılması ehtimalı böyükdür, habelə ətraf mühitə bir sıra texnogen amillərin təsiri araşdırılmalıdır), 1:200000 miqyaslı geoekoloji planalma işləri aparılmasına hazırlıq görülür.
|