|
Geoloji-kəşfiyyat işləri Kiçik Qafqaz və Böyük Qafqazın cənub-şərq davamında cəmlənmişdir. Naxçıvan MR-nın Başkənd səpinti qızıl yatağında aparılmış ilkin kəşfiyyat işlərinin, Xanlar rayonunun Üçtəpə sahəsində əlvan daşlar kompleksi yataqlarının axtarışı işlərinin, Kürəkçay hövzəsinin yuxarı hissələrində platin qrupu metallarının axtarış işlərinin nəticələri haqqında hesabat müdafiə olunmuşdur.
Ekspedisiyanın ən böyük uğuru Daşkəsən filiz rayonunun Çovdar filiz sahəsində aşkarlanmış iri Çovdar qızıl yatağıdır ki, sonralar bu sahədə sənaye potensiallı daha iki filiz cismi müəyyən edilmişdir. Təkcə bu filiz sahəsi hesabına respublikanın qızıl resursları əhəmiyyətli dərəcədə artırılmışdır. Hazırda Qaşqaçay sahəsində mis-porfir təzahürünün qiymətləndirilməsi üzrə tədqiqatlar davam edir. Meçex-Çadaor, Tufan zonalarında aparılmaqda olan geoloji-kəşfiyyat işləri sözügedən ərazilərdə respublikada ilk dəfə volfram, nikel, qalay və bismuta perspektivli sahələr ayırmağa imkan vermiş, molibden, qızıl, gümüş, mis, arsen resurslarını dəfələrlə artırmağa ümidi artırmışdır.
Kiçik Qafqazda Daşkəsən və Xanlar rayonlarında üzlük daş istehsalına yararlı mərmərləşmiş əhəng daşları sahələri qiymətləndirilir. Kürəkçay hövzəsinin platin qrupu metallarına perspektivliyi müəyyən edilmişdir və ilkin proqnoz resursları hesablanmışdır.
Ərəzisi 1000 kv km-dən artıq olan Böyük Qafqazın cənubi-şərq davamının Ön, Baş silsilə və Cənub zonalarının faydalı qazıntılara perspektivliyinin qiymətləndirilməsi başlıca vəzifə olaraq qarşıya qoyulmuşdur.
2007-ci ilə ayrılmış büdcə vəsaiti 333400 manat olmuşdur.
|