|
Baş Qafqaz GAE-də «Obyektlər Planı»na əsasən əlvan metallara (molibden), qızıla, istilik-enerji xammalına (qonur kömür), tikinti materiallarına və geoekoloji tədqiqatların aparılmasına geoloji-kəşfiyyat işləri aparılmışdır. Obyetklərin sayı -7, 2007-ci ilə ayrılmış büdcə vəsaiti 352500 manat təşkil edir.
Böyük Qafqaz silsiləsinin cənub yamaclarında və Acınohur geoloji əyalətində geoloji axtarış və kəşfiyyat işləri aparır. 2007-ci ildə Vəndam struktur fomasiya zonasının Bucaq kəsimində əlvan və nadir metallara (nikel, mis, kobalt və s.) axtarış işləri başa çatdırılmış, diqqətəlayiq proqnoz resursları hesablanmışdır. Acınohur geoloji əyalətinin Əlicançay qonur kömür təzahürü sahəsində uğurlu nəticələr əldə edilmişdir.
Böyük Qafqazda əlvan metallurgiya bazasının əsasını təşkil edə biləcək Balakən filiz rayonu aşkarlanmışdır. Filizçay, Katsdağ, Katex, Saqator kolçedan-polimetal yataqlarının sənaye ehtiyatları davamlı istismar qabiliyyətinə malik nəhəng dağ-mədən kompleksinin yaradılmasına imkan verir. Son illər Duruca, Vəndam, Meçex-Çadaor zonalarında geoloji axtarış işləri aparılır. Duruca zonasında qara şistlərdə qızıl-sulfid filizləşməsinə aid olan Damarcıq, Çuxadurmaz, Qızılqaya , Filfilli, Həmzəlli, Xalxal, Qalacıq, Dabalt təzahürləri aşkarlanmışdır. Böyük Qafqaz qırışıqlıq qurğusunun cənub qanadında ultraəsası və əsasi tərkibli intruziv kompleksin, onlarla bağlı kobalt və nikel minerallaşmalarının aşkarlanması ilə bu regionun faydalı qazıntı yataqlarına perspektivliyi xeyli artmışdır.
Meçex-Çadaor zonasında Yatıqçay kəsimində region üçün daha bir əhəmiyyətli istiqamət - molibden, qalay toplantılarına axtarış işləri müəyyənləşdirilmişdir.
Acınohur geoloji əyalətində ilk dəfə təşkil olunan geoloji axtarış işləri bu ərazidə geniş yayılmış konqlomeratlarda qızıl nişanələri, titanmaqnetit mineralları, müxtəlif təyinatlı gil yataqları, vulkan külləri yayıldığını, istilik-enerji xammalı (qonur kömür) təzahürlərinin olduğunu göstərir; həmçinin tikinti materialları yataqları (qum, qum-çınqıl qarışığı, əhəng daşı), habelə üzlük və bəzək daşları (Qəbələ, Oğuz rayonlarında) mövcuddur.
Bu regionun ümumən Respublikada yaradılacaq dağ-mədən sənaye kompleksində mühüm rol oynaya biləcəyini nəzərə alaraq, etibarlı təbiətdən istifadə və təbiəti mühafizə sisteminin yaradılması məqsədi ilə geoekoloji tədqiqatlar icra olunur, optimal texnoloji və istismar sxemləri hazırlanması üçün ciddi araşdırmalar aparılır.
Ekspedisiya fəaliyyət sahəsinin faydalı qazıntılara nəzərən yenidən qiymətləndirilməsi üçün fəal iş aparır.
|