Forestry Development

Ekoloji baxımdan bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, flora və faunanın, mikroorqanizmlərin vəhdəti hesab olunan meşə örtüyü Azərbaycanın ən qiymətli təbii sərvətlərindən biridir. Azərbaycan az meşə sahəsi olan ölkədir. Ölkənin ümumi dövlət meşə fondu ərazisi 1213,7 min hektardır (14 faiz). Bu ərazidən meşə ilə örtülü sahə 1021,9 min hektar təşkil etməklə, ölkənin ümumi ərazisinin 11,8 faizi qədərədir. Köküstü oduncaq ehtiyatı 149 milyon kubmetrdir. Adambaşına təqribən 0,12 hektar meşə sahəsi düşür ki, bu da dünya miqyasında götürülən orta göstəricidən 2-3 dəfə azdır. Qeyri-rəsmi məlumatlara əsasən, 18-19 əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Ölkənin mövcud meşələri qeyri-bərabər şəkildə paylanmışdır. Belə ki, onların 85 faizi dağlıq və dağətəyi sahələrdə, qalan 15 faizi isə düzən ərazilərdə yerləşir. Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərindəki 261 min hektar meşə fondu sahəsinin təbii sərvətlərinə və bioloji müxtəlifliyinə çox ciddi ziyan vurulur, onlar məhvə məruz qalır.

İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə, ölkə meşələri birinci qrup meşələri aid olmaqla, 7 qoruyucu kateqoriyaya bölünür: qoruq meşələri, kurort meşələri, xüsusi qiymətli meşə massivləri, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri, yabanı meyvə meşələri, dövlət qoruyucu meşə zolaqları, sair meşələr.
Azərbaycan meşələrinin sahəsi ümumi əraziyə nisbətdə az olsa da, növ cəhətdən zəngindir. Burada 435 növ ağac və kol bitir, onlardan da 70-i endemik növlərə aiddir. Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, ağcaqayın və s.). Bütün ölkə ərazisi üçün enliyarpaqlı meşələr səciyyəvidir. Bu tip meşələr Böyük Qafqaz və Kiçik Qafqazın, Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılmışdır.
Ətraf mühit sahəsində fəaliyyətlə məşğul olan beynəlxalq qurumların apardıqları təhlillər göstərir ki, ərazisinin 20-25 faizi meşə ilə örtülü olan ölkələrdə su qıtlığına, qeyri-sabit iqlim şəraitinə, torpaqların deqradasiyasına, eroziyasına və şoranlaşmasına, bataqlıqlaşmaya, biomüxtəlifliyə mənfi təsirlərə daha az təsadüf edilir. Bu baxımdan meşələrin mövcud sahəsi ölkədə ekoloji tarazlığın və ekosistemlərin qorunub saxlanması üçün heç də yetərli deyildir. Bu səbəbdən meşələr ciddi şəkildə mühafizə olunmalı, qorunmalı, onların sahəsi artırılmalıdır.

Ümumi meşə fondu

1 213,7 min ha (14%)

Meşə ilə örtülü sahələr

1021 min ha (11,8%)

Böyük Qafqaz

594 713 ha (49%)

Kiçik Qafqaz

412 658 ha (34%)

Talış dağları

182 055 ha (15%)

Aran zonası

24 274 ha (2%)