Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Ekoloji siyasət / Görülən işlər
2010-cu il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən görülmüş işlər
Ölkə rəhbərinin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması bu istiqamətdə aparılan işlərə böyük təkan vermiş, eyni zamanda iri layihələr də uğurla həyata keçirilmişdir. 2010-cu ilin ölkə başçısı tətrəfindən “Ekologiya ili” elan olunması isə ETSN-nin bu dövr üçün fəaliyyət proqramının prioritetlərinin ardıcıllığını müəyyənləşdirmiş, Azərbaycan ərazisində yaşıllıqların sayının daha da artırılması ön plana çəkilmiş və əvvəlki illərdə olduğu kimi ekoloji siyasət sahəsində aparılan məqsədyönlü fəaliyyət davam etdirilmişdir.
“Ekologiya ili”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Bakı və onun ətraf ərazilərində, magistral avtomobil yollarının kənarında 1 841,0 min, Respublika ərazisində isə ümumilikdə 10835,3 min ədəd ağac və kol bitkisi əkilmişdir. Meşələrin bərpa olunması və artırılması istiqamətində meşə və qeyri-meşə fondu torpaqlarında 10550 hektara qarşı 10692 hektar sahədə meşəbərpa işləri aparılmış, bundan 3521 hektarda meşə əkini və səpini, 7171 hektarda isə təbii bərpa işləri olmuşdur. Meşə əkinlərinin becərilməsi məqsədilə 31335 hektarda xidmət və 31358 hektarda suvarma işləri aparılmışdır. Tinglik sahələrinin 69 hektar ərazisində toxum səpilmiş, 51 hektar sahədə 2021 min ədəd toxmacar, 11,35 hektar sahədə 629,5 min ədəd çilik basdırılmışdır. Ağac və kol cinslərindən 133 021 kiloqram toxum və müəssisələr üzrə 37 640 m3 həcmində oduncaq tədarük olunmuşdur. Yardımçı təsərrüfat sahəsi üzrə 784 ton təbii ot, 9 ton bağ meyvəsi, 63 ton bağ narı, 8 ton qoz, 26 ton fındıq, 3 ton şabalıd, 5 ton feyxua, 1 ton kivi, 2 077 kq əmtəəlik bal tədarük edilmişdir. İstirahət-rekreasiya və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi məqsədilə meşə fondu torpaqlarından istifadə ilə əlaqədar ümumi sahəsi 925,2 hektar olmaqla müxtəlif fiziki və hüquqi şəxslərlə 192 müqavilə bağlanmışdır. Respublikanın meşə mühafizə işçiləri tərəfindən 34 min m³ həcmində 245 min manat köküstə nırx dəyərində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 73 min manat məbləğində 295 iş hüquq mühafizə orqanlarına göndərilmişdir. Yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı alınmışdır. Hesabat dövrü ərzində ümumilikdə 49,97 hektar meşə fondu ərazisində yanğın hadisəsi baş vermiş, lakin həmin yanğın hadisələri operativ qaydada ləğv edildiyindən, meşə fonduna ciddi ziyan dəyməmişdir.
Respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilmişdir.
Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ərazilərinin ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə yaradılmış “Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi”nin fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. 2010-cu ilin avqust ayında Tufandağ ərazisində (4161 m hündürlükdə) sonuncu, 3-cü Avtomat Meteoroloji Stansiya quraşdırılmış, günəş enerjisi ilə işləyən batareyalarla təmin olunaraq istifadəyə verilmişdir. Şahdağ zirvəsinə yaxın ərazidə (3600 m hündürlükdə) əlavə müşahidə və texniki xidmət binasının tikintisi başa çatdırılmış və burada yerləşən Avtomat Meteoroloji Stansiya əlavə günəş və külək enerjisi ilə işləyən batareyalarla təmin olunmuşdur.
Hidrometeoroloji stansiya və məntəqələrdə aparılan müşahidələrin operativ nəticələrindən qısa və uzunmüddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən təhlükəli hidrometeoroloji proseslər barədə xəbərdarlıqların tərtibatında istifadə olunmuş, regional və beynəlxalq yayıma, eyni zamanda respublika aviasiya uçuşlarının həyata keçirilməsi üçün «Azal» QSC-nın Azəraeronaviqasiya müəssisəsinə ötürülmüşdür.
99 stansiya və məntəqə müşahidə plan-proqramına uyğun olaraq fəaliyyət göstərmişdir. Bu stansiya və məntəqələrdən 46-sı atmosfer havasının çirklənməsi üzərində, 53-ü isə su və torpaq üzərində müşahidələr aparır.
Respublika ərazisindən axan çaylarda yaz gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın, həmçinin Naxçıvan MR-in ərazisində yerləşən 28 qarölçmə marşrutlarında müxtəlif yüksəklirlərdə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu müəyyən olunaraq nəticələri təhlil edilmiş, hesabat hazırlanmışdır. Hesabatda 2009-2010-cu illərin qış aylarının məlumatları müqayisə edilmiş və alınan nəticələrə uyğun olaraq Respublika ərazisindən axan dağ çaylarında gursululuq dövrünün proqnozu verilmişdir.
Kiçik Qafqazın şimal-şərq yamacında yerləşən Gəncə-Qazax zonasının dağ çaylarında, Böyük Qafqazın cənub yamacında yerləşən Şəki-Zaqatala zonasının dağ çaylarında görülən işlər nəticəsində keçən sel və daşqınların izlərinə görə onların yüksəklik səviyyəsi və maksimal sərfləri təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında” sərəncamlarına əsasən, Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə ETSN tərəfindən 2010-cu ildə 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Geoloji axtarış işləri Baş Qafqazın cənub yamacı, Kiçik Qafqaz, Naxçıvan və Qərbi Xəzəryanı ərazilərdə aparılmış axtarış işləri nəticəsində bu bölgələrin müxtəlif sənaye genetik tipli filiz, qeyri-filiz və kifayət qədər yüksək təlabata malik inşaat materialları yataqlarının axtarışı üçün perspektivliyi müəyyən edilmişdir. Baş Qafqazın cənub yamacında “qara şistlərdə” qızıl, manqan, molibden, nikel, kobalt, civə filizləşməsinin bir sıra klarkdan dəfələrlə yüksək tutumlu təzahürləri aşkar edilmişdir. Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən 2 mis-qızıl, 2 qızıl, gümüş, 4 sement xammalı yataqları (vulkan külü, gips), 7 gil, 1 əhəngdaşı, 4 qum yataqlarında geoloji işlər tamamlanmışdır.
Ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatların hazırlanaraq yayımlanması təmin edilmişdir.
Monitorinq işlərinin daha müasir standartlara uyğun aparılması üçün (Protek 3201, Svan 947, 6150-AD, Alfarad, İdentifinder, Xromotomasspektrometr, Atomabsorbsiya spektrometri və digər) cihaz və avadanlıqlar alınmışdır.
Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində-Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılmışdır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 91044 nümunə götürülmüş və həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 93211 analiz aparılmışdır.
Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 21 məntəqədə 11 göstərici üzrə aparılmışdır. 2010-cu il ərzində götürülmüş 241 yağıntı nümunəsi üzərində 2665 kimyəvi analiz aparılmışdır.
Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50 müşahidə məntəqəsində aparılmışdır. Bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş 791 su nümunəsi üzərində 13755 fiziki-kimyəvi analiz aparılmışdır.
Ölkə ərazisində torpaqların fon tərkibinin neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə aparılan monitorinqlər davam etdirilmişdir. Torpaqların çirklənməsinin monitorinqi zamanı götürülmüş 424 torpaq nümunəsi üzərində 1186 kimyəvi analiz yerinə yetirilmişdir.
Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə 36 məntəqədə aparılmışdır. Aparılmış ölçmələrin nəticələrinə əsasən 210 sayda gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılmış və məlumatlar gündəlik olaraq ETSN-in İnternet saytında yerləşdirilmişdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə texniki əməkdaşlıq proqramı çərçivəsində “Azərbaycan Respublikasında radioaktivliyin monitorinqi sahəsində infrastrukturun inkişaf etdirilməsi” layihəsi üzrə nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında meteoroloji stansiyalarda radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi quraşdırılmışdır. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə və eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür. Xəzər dənizi və onun sahil zolağında ekoloji tarazlığın qorunması istiqamətində bir sıra işlər həyata keçirilərək sahilboyu ərazilərdə 1427, dənizdə isə 4 monitorinq aparılmışdır. Eyni zamanda, monitorinqlər nəticəsində 4045 ədəd su, 178 ədəd qrunt, 6 qazma məhlulu, 8 şlam nümunələri götürülərək 21951 analitik, 9896 bioloji və ekotoksikoloji, 6286 mikrobioloji olmaqla, ümumilikdə, 38133 tədqiqat aparılmışdır.
Bundan əlavə dənizin çirklənməsinin qarşısının alınmasında müstəsna rol oynayan ayrı-ayrı təşkilatlara məxsus bioloji və dezinfeksiyaedici qurğularda vəziyyət araşdırılmış, onlar üzərində ciddi ekoloji nəzarət təmin olunmuşdur.
Axarlar üzərində aparılan müşahidələr zamanı sahildən Xəzər dənizinin daha çox çirklənməyə məruz qalma səbəbləri sahil boyu ərazilərdə yerləşən yaşayış məntəqələrinin əksəriyyətində mərkəzləşdirilmiş kanalizasiya sisteminin yaradılmaması, istismarda olan təmizləyici qurğuların günün tələblərinə cavab verməməsi, bəzilərinin isə tam yararsız vəziyyətə düşməsi, kollektorlara müxtəlif mənşəli çirkab suların axıdılması kimi problemlər müəyyənləşdirilmişdir.
Keçirilən monitorinqlər zamanı istirahət zonası və çimərlik əraziləri olan sahil zolaqlarında mərkəzləşmiş kanalizasiyanın olmamasından sahil zolağının çirklənməyə məruz qalması da özünü biruzə vermişdir. Kritik çirklənmə sahələri aşkar edilmiş, Qaradağ rayonunun Sahil, Şıx və Suraxanı rayonunun Hövsan çimərliklərinin fəaliyyəti dayandırılmışdır.
2010-cu ilin sonunda dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilmiş və qalib şirkət müəyyənləşdirilmişdir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin, ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən tədbirlər və bioloji müxtəlifliyin qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir.
Belə ki, Sumqayıtçay və Qobustan alçaq dağlıq ərazilərində dövlət təbiət yasaqlığının yaradılması məqsədilə zəruri torpaqayırma sənədləri işlənilmiş və hazırda aidiyyatı qurumlarla razılaşdırma proseduru həyata keçirilir.
Almaniya Federal Hökumətinin dəstəyi ilə «Qafqaz təşəbbüsü» proqramı çərçivəsində «Samur-Yalama» Milli Parkı layihəsi ilə əlaqədar tender vasitəsilə icraçı şirkət müəyyən olunmuşdur. Hal-hazırda, layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müəyyən edilmişdir və müvafiq tədbirlər həyata keçirilir.
Zaqatala-Balakən regionunda ölkə tarixində ilk biosfer rezervatının yaradılması ilə əlaqədar xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib. Artıq “Zaqatala-Balakən Biosfer Qoruğunun yaradılması və dayanıqlı İnkişafı üzrə Razılaşmalara dair Protokol”un layihəsinin, müvafiq nazirlik və komitələrdən daxil olan rəy və təkliflər nəzərə alınmaqla son variantı hazırlanmış və Nazirlər Kabinetnə göndərilmişdir.
Nazirlər Kabinetinin 2010-cu il 08 iyul 193/S saylı Sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilmişdir.
H.Əliyev Fondunun dəstəyi ilə keçirilən layihə nəticəsində ceyranların tarixi arealları hesab olunan Qobustan, Acınohur, Ağgöl ərazilərinə ceyran fərdləri köçürülmüş, 2010-cu ilin yayında Ağgöldə onların təbii artımı müşahidə olunmuşdur. Bu ilin 24 dekabr tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ceyranların tarixən məskunlaşdığı yerlərdən biri olan Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı əraziyə ilk ceyran sürüsünün (21 baş) buraxılması prosesini izləmişlər.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2008-ci il tarixli 109 nömrəli Sərəncamına əsasən ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 aprel 93/S saylı Sərəncamı ilə Zooloji Parkın yaradılması ilə əlaqədar Abşeron rayonunun Qobu ərazisində 55 hektar torpaq sahəsi ayrılmışdır. Zooloji Parkın yaradılması məqsədilə dizayn-layihələndirmə işlərinin aparılması üçün açıq tender keçirilmiş və qalib şirkət müəyyən edilmişdir. Artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlər yekunlaşma mərhələsindədir. 2010-cu il 29 dekabr tarixində ETSN-də “Ekodenge” Təşkilatının və QHT nümayəndələrinin iştirakı ilə Zooloji Park Layihəsinin təqdimatı keçirilmişdir.
ETSN-nin müvafiq qurumlarının, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşlarının birgə iştirakı ilə vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də, digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilmiş, qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” Qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunmuşlar.
Eyni zamanda, milli park və dövlət təbiət qoruqlarının ərazisində qanun pozucularına qarşı 624 akt, 187 protokol tərtib edilmiş, təbiətə 63983,18 manat dəyərində ziyan hesablanmış, inzibati qaydada 114910 manat məbləğində cərimə tətbiq edilmişdir. 19 iş baxılması üçün hüquq-mühafizə orqanlarına, 54 iş rayon məhkəmələrinə göndərilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2206 akt və 828 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 862 icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 815 iş üzrə 6,1 milyon manat məbləğində cərimə tətbiq edilmişdir. Su bioresurslarının artırılması və mühafizəsi sahəsində 2010-cu ildə 439,4 mln ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri süni və təbii yolla artırılıb su hövzələrinə buraxılmışlar. Müəyyən edilmiş proqnozlara bütün növlər üzrə 101,2 faiz əməl olunmuşdur. Su bioresurslarının mühafizəsi ilə əlaqədar brokonyerlərdən 7 qayıq, 4 mühərrik, 125 tor, 3300 qırmaq-kalada, 785 ədəd müxtəlif növ balıq götürülmüşdür. Dövlət Ekspertiza İdarəsinə Respublikada sahibkarlığın inkişafı ilə əlaqədar olaraq ayrı-ayrı fiziki və hüquqi şəxslər, dövlət təşkilatları və vətəndaşlar tərəfindən 2832 müraciət daxil olmuşdur. Respublikada iri həcmli investisiya tələb edən regional və beynəlxalq əhəmiyyətli layihələrinin ekspertizasına xüsusi diqqət yetirilmiş, onların Respublikanın iqtisadi inkişafında əhəmiyyətləri nəzərə alınaraq ekoloji qiymətləndirmələri aparılmışdır.
Həmçinin Azərbaycan Respublikası və Dünya Bankı tərəfindən maliyyələşdirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi» çərçivəsində birinci və ikinci mərhələlər üzrə müəyyən olunmuş rayonların su təchizatı və kanalizasiya şəbəkələrinin yenidənqurulması məqsədilə Texniki İqtisadi Əsaslandırma, Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) və tikinti layihələrinin razılaşdırılması işləri yerinə yetirilmişdir.
ƏMTQ Layihələrinin Ekspertizası üzrə il ərzində 22 layihəyə baxılmış, ondan 20 layihə müsbət qiymətləndirilmiş, 2 layihə müvafiq dəyişikliklər aparılmaq üçün geri qaytarılmışdır.
Hazırda Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədlərinin razılaşdırılması məqsədi ilə “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması üzrə dövlət və qeyri-hökumət təşkilatları ilə müvafiq müzakirələr aparılır.
Ətraf mühitin sağlamlaşdırılması istiqamətində indiyə qədər görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi üçün “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2010-2014-cü illər üçün əlavə tədbirlər planı” hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət ardıcıllıqla davam etdirilmiş, bir sıra region dövlətləri, inkişaf etmiş dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə əlaqədar bir sıra beynəlxalq səviyyəli mühüm silsilə tədbirlər – sərgilər, konfranslar və kütləvi aksiyalar həyata keçirilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də müxtəlif ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata keçirilmişdir. Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində 3 iyun 2010-cu ildə həmin ölkənin Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Saziş imzalanmışdır.
Rusiya Federasiyasının Prezidenti D.Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində 02 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının rasional istifadəsi və qorunması haqqında saziş imzalanmışdır.
Bundan əlavə, Fransa, Litva və Suriya ölkələri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq məqsədilə müvafiq layihələr hazırlanmışdır.
QEF, UNİDO, UNEP, USAİD, NATO, ATƏT, Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatları ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.
2010-cu il-Ekologiya ilində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Respublikamızın paytaxtı Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir. “Ümumdünya Ətraf Mühit Günü-2010”-a Avropa regionu üzrə öndərlik edəcək üç şəhərdən biri kimi Bakının seçilməsi heç də təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən, ekoloji tarazlığın qorunması, ətraf mühitin sağlamlaşdırılmasında aparılan ardıcıl və məqsədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
Ümumdünya Ətraf Mühit Günü ötən il “Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında keçirilmiş və tədbirlərdə iştirak etmək məqsədilə UNEP-in Avropa Bürosunun direktoru cənab Kristof Buvye Bakıda olmuşdur.
Eyni zamanda, respublikanın bütün şəhər və rayonlarında Ətraf Mühit Günü ilə bağlı müxtəlif aksiyalar keçirilmişdir.
2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələ şəhərində UNEP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq üzrə Avropanın Ətraf Mühit Nazirləri və ekspertlər səviyyəsində konfrans keçirilmiş və yekun sənəd olaraq “Qəbələ Bəyannaməsi” qəbul olunmuşdur.
“Ekologiya ili” çərçivəsində 2010-cu ilin 16-18 sentyabr tarixlərində Bakı şəhərində “Azərbaycan Yaşıl Dünya naminə” Beynəlxalq ekoloji sərgi təşkil olunmuş, açılışda ölkə rəhbəri İlham Əliyev iştirak etmiş və nümayiş olunan eksponatlarla tanış olmuşdur. Sərgidə beynəlxalq və yerli şirkətlərlə yanaşı, aidiyyəti dövlət qurumları, ekoloji QHT-lər öz eksponatlarını nümayiş etdirmişlər.
5-6 oktyabr tarixlərində Qəbələdə MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının 22-ci sessiyası keçirilmişdir. Sessiyada regionda hidrometeoroloji fəaliyyətin əlaqələndirilməsi, məlumatlar mübadiləsinin tənzimlənməsi, müasir hidrometeoroloji müşahidə və təhlil texnologiyalarının tətbiqi, birgə elmi-tədqiqat işlərinin aparılması, normativ və metodiki sənədlərin işlənilməsi və s. məsələlər müzakirə olunmuşdur.
ETSN-in ətraf mühitin mühafizəsi üzrə çoxsahəli fəaliyyətində ekoloji təbliğat, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir. Respublikanın müxtəlif regionlarında, ali və orta təhsil müəssisələrində, idarə və təşkilatlarda müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər təşkil olunmuşdur.
5 iyun - “Ümumdünya Ətraf Mühit” Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət və qeyri-hökumət təşkilatlarının, diplomatik korpusu, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, KİV əməkdaşlarının iştirakı ilə Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində ETSN tərəfindən təşkil olunmuş kütləvi ağacəkmə kampaniyası keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası tərəfindən təşkil olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi-jurnalistlər arasında yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışdır.
“Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar dənizin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə KİV nümayəndələri Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuş, müəssisənin fəaliyyəti və görülmüş işlərlə bağlı jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekologiya ili” çərçivəsində hazırladığı Kompleks Tədbirlər Planına uyğun olaraq media nümayəndələri üçün “2010 Ekologiya ili–Yaşıl dünya naminə” devizi ilə press-turlar təşkil edilmişdir. Bu press-turlarda milli parklarda biomüxtəlifliyin qorunması, mühafizə olunması barədə müzakirələr aparılmış, jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
20 oktyabr-20 noyabr 2010-cu il tarixlərində respublikanın müxtəlif regionlarında “2010-cu il “Ekologiya ili”dir devizli ətraf mühit problemləri ilə bağlı müxtəlif mövzularda ekoloji təbliğat xarakterli seminar-məşğələlər, dəyirmi masalar, görüşlər keçirilmişdir.
Ətraf mühitin mühafizəsi sahəsində jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə ETSN nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqustunda fəaliyyətə başlamışdır. 2011-ci ilin fevralında yekunlaşan məktəbin məzunlarına müvafiq sertifikatlar təqdim olundu. 2010-cu il ərzində Nazirliyin fəaliyyətini əks etdirən 350 press-reliz qurumun internet səhifəsində yerləşdirilməklə ictimaiyyət və KİV nümayəndələrinin diqqətinə çatdırılmışdır. Ümumiyyətlə, KİV-də nazirliyin fəaliyyətini əks etdirən 1900-dən artıq material dərc olunmuşdur.
“Ekologiya ili”nin elan olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsü”nə əsasən, 41 560,3 min manat vəsait ayrılmışdır və bu vəsaitin layihələr üzrə xərclənmə istiqamətləri müəyyənləşdirilmişdir:
“Ekologiya ili” çərçivəsində regional sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə Bakı ətrafı mağistral avtomobil yollarının ətrafının (Bakı-Şamaxı, Bakı-Quba, Bakı-Qazax, Bakı-Astara və Bayıl yamacı) yaşıllaşdırılması layihəsi çərçivəsində işlərə başlanılmışdır. Bu işlərin görülməsi üçün yeni yaşıllaşdırma idarələrinin yaradılmasına zərurət yarandığından “Azəryaşlandşaft” ASC-nin tabeliyində daha 5 yerli idarə yaradılaraq, yerli idarələrin sayı 10-a, işçi heyətinin sayı isə 599 nəfərə çatdırılmışdır (01 iyul 2009-cu ildən fəaliyyətə başlamış “Azəryaşlandşaft” ASC tərkibində 5 yerli idarə olmaqla 352 nəfər işçi heyəti olmuşdur).
Yaşıllaşdırma tədbirləri ilə əlaqədar xüsusi texnikanın, nəqliyyat vasitələrinin, texnoloji avadanlıqların və yeni yaradılan idarələrin işçilərinə verilməsi zəruri olan aylıq əmək haqlarının ödənilməsi üçün həmin 41 560,3 min manatdan 5000.0 min manatı “Azəryaşlandşaft” ASC-yə ayrılmışdır (bu vəsaitdən 762 712 manatı Əlavə Dəyər Vergisinə ödənilmiş, qalan 4 237 288 manat istifadə olunmuşdur).
Yaşıllaşdırma ilə bağlı irimiqyaslı layihələrin vaxtında reallaşdırılması və 2010-cu ilin yaz-payız mövsümünü itirməmək məqsədilə, razılaşdırılma prosedurunu gözləmədən və layihə vəsaitlərindən istifadə etmədən, Nazirliyin daxili imkanları hesabına yaşıllıqların salınmasına start verilmişdir.
ETSN-nin nəzdində fəaliyyət göstərən “Azəryaşlandşaft” ASC tərəfindən 712 hektar sahədə 739 234 ədəd ağac və kol bitkisi əkilmiş, 30 000 m2 ərazidə yaşıl çəmən (qazon) salınmışdır. Əkilmiş ağacların bir hissəsi Türkiyədən alınmış, bir hissəsi isə Nazirliyin öz tinglik sahələrində yetişdirilmişdir.
2010-cu ildə ümumilikdə, əsasən daxili imkanlar hesabına xüsusi maşın və texnikaların köməyilə 1086506 m3 torpağın yüklənməsi, daşınması və dərələrin doldurulması, çalaqazan texnikanın köməyilə 500 000 ədəd çala qazılması, 3838 ədəd iri ölçülu ağacların köçürülməsi, 365 654 m3 suyun ərazilərə daşınması, 484 hektar sahənin şumlanması, 445 810 m2 torpağın yayılması və hamarlanması, 72 hektar sahənin ziyanvericilərə qarşı dərmanlanması, 39,8 km suvarma xətlərinin çəkilməsi, 17,8 km suvarma xətlərinin təmir olunması, 5 artezian quyusunun qazılması, 306 000 m3 həcmində suyun yaşıllıq ərazilərə daşınması işləri həyata keçirilmişdir. Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 125 hektar ərazisində 124 469 ədəd dekorativ ağac və kol bitkisi əkilmiş, 30 000 m2 sahədə yaşıl çəmən (qazon) salınmışdır. Əkilmiş bitkilərə və qazona aqrotexniki qulluq göstərilmiş, ümumilikdə 86 916 paqonmetr (87 km) suvarma sistemləri qurularaq istifadəyə verilmişdir. Həmin magistral yolun strateji əhəmiyyəti nəzərə alınaraq sağ və sol tərəflərinin 45 metr enində, daha görkəmli, həmçinin yüksək estetik görünüşə malik yeni dizaynlı formaya salınması və görünən hissəyə daha bahalı, zövq oxşayan ağacların əkilməsi işləri isə başqa şirkət tərəfindən həyata keçirilir. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafının 112 hektar ərazisində 94 010 ədəd ağac və kol bitkisi əkilmiş, bitkilərə aqrotexniki qulluq göstərilmiş, suvarma işləri görülmüş, 97 104 paqonmetr (97 km) suvarma sistemi qurulmuşdur. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bayıl yamacının 27 hektar sahəsində 76 630 ədəd muxtəlif cinsli ağac və kol bitkisi əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş və 12 000 paqonmetr (12 km) müvəqqəti suvarma sistemi qurulmuşdur. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bakı-Şamaxı magistral avtomobil yolunun Pirəkəşkül-Çaylı kəndinin ətrafının 103 hektar sahəsində 94 863 ədəd ağac və kol bitkisi əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş və suvarma işləri görülmüşdür. 7000 paqonmetr (7 km) suvarma xətti çəkilmişdir. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bakı-Quba magistral avtomobil yolunun Z.Tağıyev-Zarat qəsəbələri arasındakı hissəsinin 88 hektar ərazisində 78 402 ədəd ağac və kol bitkisi əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmiş və 3756 paqonmetr (3,7 km) suvarma xətti çəkilmişdir. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan hissəsinin 100 hektar sahəsində 101566 ədəd ağac və kol bitkisi əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş və suvarma məqsədilə 21 000 paqonmetr (21km) boru xətləri çəkilmişdir. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bakı-Qazax magistral avtomobil yolunun Ələt-Atbulaq hissəsininin 93 hektar sahəsində 110 700 ədəd ağac və kol bitkisi əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş və suvarılmışdır. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır. Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul hissəsinin 64 hektar ərazisində 58 594 ədəd ağac və kol bitkisi əkilmiş, ardıcıl xidmət işləri aparılmışdır. Layihə üçün nəzərdə tutulan vəsait büdcəyə qaytarılmışdır.
2006-2009-cu illərdə həyata keçirilmiş Cəngi kəndi ətrafında salınmış meşəliklərin suvarma suyu ilə təmin olunması üçün sututarının inşası layihəsi başa çatdırıldığından 2010-cu ildə bu məqsədlə ayrılmış vəsait istifadə olunmadan büdcəyə qaytarılmışdır.
2008-2009-cu illərdə həyata keçirilmiş Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üçün inzibati binanın tikintisi layihəsi başa çatdırıldığından, 2010-cu ildə bu məqsədlə ayrılmış vəsait istifadə olunmadan büdcəyə qaytarılmışdır.
Alternativ (günəş) və elektrik enerjisi, lazım gələndə dizel yanacağı ilə işləyən və hər hansı fövqəladə hal zamanı, qısa müddətdə heç bir əlavə infrastruktura ehtiyac olmadan işə salınaraq istənilən keyfiyyətdə suyu (duzlu, çox çirkli və s.) içməli su standartlarına qədər təmizləyən fərqli texnologiyalara malik və özüyeriyən (şassi və çarxlar üzərində) iki mini zavodun alınması üzrə pilot layihəsinin həyata keçirilməsi üçün ilkin olaraq avans dəyəri ödənilmişdir.
Sutkada 1000 m3 Xəzər suyunu içməli su səviyyəsinə qədər təmizləmək iqtidarında olan, yüksək texnologiyaya əsaslanan və tərs osmos membranı ilə təchiz olunmuş stasionar zavodun layihələndirilməsi və inşası üzrə pilot layihəsinin (bu pilot layihə Kür çayının istiqamətinin Türkiyədə dəyişdirilməsi söz-söhbəti fonunda gələcəkdə yarana biləcək su qıtlığının aradan qaldırılması üçün texnoloji hazırlıq nöqteyi-nəzərindən strateji əhəmiyyət kəsb edir) həyata keçirilməsinə ilkin olaraq avans dəyəri ödənilmişdir.
2007-ci ildən icrasına başlanılmış və indi də davam etdirilən “Ölkənin Kür-Araz boyu kəndlərinin ekoloji təmiz su ilə təminatının yaxşılaşdırılması layihəsi” üzrə respublikanın daha 7 rayonunun 33 kəndini əhatə etməklə, əhalinin içməli su ilə təminatının yaxşılaşlaşdırılması məqsədilə 2010-cu ildə “Dövlət satınalmaları haqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıq tender proseduru keçirilmiş, qalib şirkət müəyyən edilmiş və layihənin icrası istiqamətində işlərə başlanılmışdır, lakin hələ vəsaitdən istifadə edilməmişdir.
Ölkə ərazisində yetişdirilən və yetişdirilməyən küləyə davamlı ağac, kol cinslərinin və digər əkin materiallarının yetişdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən və müasir standartlara cavab verən avtomatlaşdırılmış örtülü kök sistemli tingliyin yaradılması üzrə pilot layihəsinə işlərin başlanması üçün ilkin olaraq avans dəyəri ödənilmişdir. Bununla da “Ekologiya ili” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmuş layihələr həyata keçirilərək qarşıya qoyulmuş bütün məqsədlərə əsasən nail olunmuş, işlər üçün ayrılmış 41 560,3 min manat vəsaitdən 35 422,4 min manatı isə büdcəyə geri qaytarılmışdır.