■ Bakı və Abşeron yarımadasında ekoloji
vəziyyətin yaxşılaşdırılması sahəsində görülmüş işlər
Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialının 70%-i Abşeron yarımadasında cəmləşdiyindən Respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur.
Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi - 33 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10,6 min ha təşkil edir.
Ekoloji problemləri yaradan əsas səbəblər neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, uzun illər ərzində lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantıların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində il ərzində təqribən 560 mln m3 həcmində tullantı suları formalaşır. Bu suların 164 mln m3 bioloji, 23 mln m3 mexaniki təmizləmədən keçdiyi halda, 373 mln m3 tullantı suları isə təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılır.
Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar atılır.
Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir.
Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir.
Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdəndir.
Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərindən biridir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının artması, havaya atılan zərərli maddələrin tutulması üçün qaz təmizləyici və toztutucu qurğuların azlığı, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Respublika üzrə 2006-cı ildə atmosferə 875,1 min ton zərərli maddələr atılmışdır ki, bunun da 344,2 min tonu sənayenin, 530,9 min tonu isə avtonəqliyyatın payına düşür. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların 373,3 min tonu avtonəqliyyatın payına 271,9 min tonu isə stasionar mənbələrin payına düşür.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Daha çox çirklənməyə məruz qalmış göllər- Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir.
Böyük Şor Abşeron yarımadasının ən böyük gölü olmaqla Binəqədi, Sabunçu və Nərimanov rayonları ərazisində yerləşir. İlk dövrlərində göl əsasən yeraltı sularla qidalanırdısa, hazırda bura çoxsaylı çirkab axınları mövcuddur. Su səthi 1300 ha, uzunluğu 10 km, eni-1,5-2,0 km, dərinliyi 4-8 m olan bu gölə axıdılan çirkab suların gündəlik həcmi- 15,2 min m3 təşkil edir. Bu günə qədər gölün qurudulmuş ərazisi - 15 ha qədərdir.
Suların tərkibində neft məhsullarının, fenolların, səthi-aktiv maddələrin, ağır metalların və digər zəhərli maddələrin qatılığı yol verilən normadan dəfələrlə çoxalmış, dib çöküntülərində radionuklidlərin artması müşahidə olunur. Yaşayış massivlərində kanalizasiya sistemləri tikilmədiyindən təsərrüfat-məişət tullantı sularının gölə və ətraf ərazilərə axıdılması ekoloji vəziyyəti daha da kəskinləşdirir.
Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının ərazilərindədir.
Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi sahəsi 50 km2, sahil xəttinini uzunluğu 20 km, ora axıdılan çirkab suların gündəlik miqdarı-937,0 min m3 təşkil edir ki, bunun da 750 min m3 məişət çirkab sularının payına düşür.
Buxtanın çirklənməsi öz növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.
Sumqayıt Səthi Aktiv Maddələr zavodunda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı texnologiyası fiziki və mənəvi cəhətdən köhnəldiyindən ərazinin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır.
Suraxanı rayonu ərazisindəki yod-brom istehsalı zamanı əmələ gəlmiş tərkibində radioaktiv maddələr olan tullantılar (45 min ton kömür), hələ də bu ərazidə qalmaqdadır. Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış radioaktiv tullantıları daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunsa da, bu tullantıların zərərsizləşdirilməsi üçün xüsusi müəssisə fəaliyyət göstərmədiyindən mövcud vəziyyət radiasiyanın müəyyən olunmuş normativ həddən artıq olmasına gətirib çıxarır.
Bundan başqa neftqazçıxarma və neft emalı müəssisələrində formalaşmış 142300 ton neft tərkibli şlam müəssisələrin ərazilərində saxlanılır.
Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənabəxş hesab edilir. Bakı və Abşeron yarımadasında ekoloji
vəziyyətin yaxşılaşdırılması sahəsində görülmüş işlər
Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır.
Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibi Heybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur.
Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcüd təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində müvafiq təşkilatlar tərfindən tədbirlər görülür.
Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasinin Prezidenti tərəfindən 2007–ci il 20 iyun tarixində imzalanmış "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində konkret tədbirlər həyata keçirilir. Sərəncamda qeyd olunan sahil ərazilərindən tullantı sularinın təmizlənmədən axıdılması Xəzər dənizinin zərərli kimyəvi maddələrlə çirklənməsinə və bunun nəticəsi olaraq onun unikal bioloji müxtəlifliyinin deqradasiyasına səbəb olmuşdur. Müvafiq tədbirlərin həyata keçirilməsi Xəzər ekosisteminə antropogen təsirləri azaltmaqla dənizin biomüxtəlifliyinin və istirahət-rekreasiya zolağının bərpasına qulluq edəcəkdir.
Bu Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq standartlara cavab verən modul tipli lokal çırkab su təmizləyici qurğular quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir. Bu qurğular nefttutucu avadanliği da nəzərə alsaq ümumilikdə gündə 4070 m3 çirkab su təmizləmə gücünə malikdir.
Qurğuların bir hissəsi Abşeron yarımadasının Bilgəh, Buzovna və Mərdəkan qəsəbələrində quraşdırılmışdır və artıq Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sisteminin beş stansiyası fəaliyyət göstərir. Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.
Hazırda aparılan işlərin Sumqayıta doğru davamını təmin edərək təmizləyici qurğuların bir hissəsinin Pirşağı qəsəbəsindəki çirklənmə səviyyəsi və mikrobioloji vəziyyəti son dərəcə acınacaqlı olan iki axıntı mənbəyində quraşdırılması işləri başa çatdırılır.
Eyni zamanda, Bilgəh ərazisində dənizin tullantı suları ilə çirklənməsi probleminin tamamilə həll edilməsi məqsədilə “Amburan” istirahət mərkəzi və ətrafdakı ərazilərdə formalaşan və gələcəkdə xeyli artması gözlənilən tullantı sularının idarə olunması üçün burada təmizləyici qurğuların qurulması istiqamətində aparılan müvafiq işlərin 2008-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır. Obyektin tələb olunan standartlara və yüksək estetik tələblərə cavab verməsini təmin etmək məqsədilə bütün texnoloji sistem yerin altında inşa edilir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən təmizlənməsi üzrə kompleks tədbirləri həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.
Sumqayıtda yerləşən «Səthi Aktiv Maddələr» zavodunun civə ilə çirklənmiş ərazisinin 1000,0 m2 hissəsi civə tullantılarından təmizlənmiş və zavod ərazisində yığılıb qalmış təhlükəli tullantıların 40,0 min m3 hissəsi, Dünya Bankının Krediti hesabına tikilmiş Təhlükəli Tullantılar Poliqonuna daşınaraq basdırılmışdır.
Dünya Bankı tərəfindən ayrılmış kredit hesabına neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir.
Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması məqsədilə çirklənmiş və sıradan çıxmış torpaqların bərpası ilə əlaqədar nazirlik tərəfindən «Abşeron yarımadasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı» və «Bibiheybət zonasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı» hazırlanmışdır və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.
Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və artırılmasına dair» 2 milli proqram, 2003-2004-cü illərdə «Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı», «Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair» və «Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı»na dair 3 Dövlət Proqramları təsdiq olunmuş və həyata keçirilir.
Bunlardan əlavə mövcud ekoloji problemlərin həll edilməsi məqsədilə ETSN tərəfindən «Abşeron yarımadasında yerləşən göllərin və digər sututarların ekoloji vəziyyətinin sağlamlaşdırılması» layihəsi işlənib hazırlanmışdır.
Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli proqramlarda, Kompleks Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər həyata keçirildikcə, yaxın gələcəkdə Bakı və Abşeron yarımadasında ekoloji durumun yaxşılaşdırlmasına nail olunacaqdır.
|