Bir çox onilliklər ərzində neft istehsalında köhnəlmiş texnologiyalardan istifadə edilməsi, torpağın neft və minerallaşmış su ilə çirklənməsinə gətirib çıxarmışdır. Təkcə Abşeron yarımadasında və onun ətrafındakı çirkləndirilmiş ərazilər təxminən 10 min hektardan artıqdır ki, bunun da 7,4 min ha-ı kənd təsərrüfatı (əkin sahələri) torpaqlarıdır. Bəzi ərazilərdə neft torpağın 3 m-lik dərinliyinə hopmuş və yeraltı suların çirklənmə mənbəyinə çevrilmişdir. Bir sıra hallarda, eyni torpaq sahəsi həmçinin radionuklidlərlə də çirklənmişdir. Bu ərazilərin bəzisində qamma şüalanma maksimum yol verilən həddən 20-50 dəfə yüksəkdir. Neftayırma və neft-kimya zavodlarının ətrafındakı torpaqlar neft və maye karbohidrogenlərlə çirkləndirilmiş, bu da öz növbəsində atmosferin çirkləndirilməsi mənbəyinə çevrilmişdir.
Civə texnologiyasına əsaslanan kaustik soda və xlor istehsalı Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaratmışdır. Zavodda hazırda istismarda olan civə üsulu ilə xlor istehsalı fiziki və mənəvi cəhətdən köhnəldiyindən ətraf ərazilərin civə və xlor kimi çox zərərli maddələrlə çirklənməsinə gətirib çıxarmışdır. Ölkədə bərk məişət və digər tullantıların lazımi səviyyədə idarə edilməməsi, böyük şəhərlərin ətraf ərazilərində qeyri-qanuni zibilliklərin yaranmasına gətirib çıxarır ki, bu da öz növbəsində torpaqların çirklənməsinə səbəb olur. Təkcə Abşeron yarımadasında ümumi sahəsi 448,6 ha olan 128 ədəd zibillik mövcuddur. Tullantıların çeşidlənməsi aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə zibilliklərdə yerləşdirilir ki, bu da torpaqların kimyəvi çirklənməsinə və onun fiziki xüsusiyyətlərinin korlanmasına səbəb olur.
Ölkənin 24 851 ha, o cümlədən 8505 ha pambıq, 9420 ha taxıl, 2302 ha üzüm, 1769 ha yonca, 1097 ha qarğıdalı, 1758 ha meyvə-tərəvəz becərilən 23 inzibati rayonun torpaq sahələrinin kimyəvi preparatlarla, o cümlədən pestisid və herbisidlərlə çirklənməsinin monitorinqi həyata keçirilir. 90-cı illərdə pambıq sahələrinin hər hektarında təxminən 30-40 kq, üzüm sahələrində isə 150-180 kq pestisid istifadə edilmişdir. Respublikanın kənd təsərrüfatı torpaqlarında pestisidlərin konsentrasiyası keçmiş Sovet İttifaqının digər ölkələrinə nisbətən daha yüksəkdir.
Hal-hazırda, köhnəlmiş pestisidlərin saxlanması üçün heç bir xüsusi qurğu yoxdur. Bakının 53 km-liyində yerləşən Qobustan rayonunda beton konteynerlərdə təxminən 8000 ton pestisid saxlanılır ki, onlardan bəzilərində çatlar yaranıb və ya açıqdır. Bu isə atmosferə uçucu birləşmələrin atılması ilə nəticələnir. Bundan əlavə, yağışlar düşdükcə kimyəvi maddələri yuyub, yeraltı sulara qatır. Bəzi hallarda, pestisidlər beton konteynerlərdən kənarda heç bir ehtiyat tədbirləri görülmədən saxlanılır. Bu saxlanma yerlərində pestisidlərin tərkibi dəqiq məlum deyildir. Bunların tərkibini keçmişdə ölkədə istifadə edilmiş müxtəlif pestisidlərin qarışığı, əsasən də DDT təşkil edir. Abşeronun qərb hissəsində, xüsusən Qaradağ rayonu ərazisində ümumiyyətlə Xəzərsahili zolaqda tikinti materiallarının çıxarılması ilə külli miqdarda münbit və məhsuldar torpaq-bitki örtüyünə malik sahələr çalalı və boş süxurlardan ibarət töküntülü karxanalar, texnogen (antropogen) səhra landşaftının yaranmasına səbəb olmuşdur.
Xəzər dənizinin su səviyyəsinin qalxması da sahil zonalarında duzlu qrunt sularının səthə yaxınlaşmasına və bunun nəticəsində suvarılan torpaqların meliorativ vəziyyətinin ciddi surətdə pisləşməsinə şərait yaratmışdır.
|