Az    Eng








video arx video arx video arx video arx
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda

















Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Səth sularının çirklənmə vəziyyəti

1.  Çaylar

• SƏTH SULARI
1. Monitorinq sistemi
2. Səth sularının çirklənmə vəziyyəti
Faydalı linklər

Кompleks analitik tədqiqat laboratoriyalari

• ATMOSFER HAVASI
1. Monitorinq sistemi
2. Atmosfer havasının çirklənmə vəziyyəti

• TORPAQ
1. Monitorinq sistemi
2. Torpaqların çirklənmə vəziyyəti

Ətraf mühitin radioaktivliyi
Struktur
Əlaqə

Kür çayı Cənubi Qafqazın ən böyük çayı olmaqla respublikada əhalinin içməli su təchizatı ilə yanaşı, həm də məişət və kənd təsərrüfatı məqsədləri üçün geniş istifadə olunur. Kür çayının suyu gursululuq dövründə, xüsusilə aşağı axınında daha yüksək bulanıqlığa malikdir. Çayın Azərbaycan ərazisindəki hissəsinin yuxarı, orta və aşağı axınlarında çirklənmə səviyyəsi müxtəlif olur. Kür çayının əsas çirkləndiriciləri neft və neft məhsulları, fenollar, səthi aktiv sintetik maddələr, ağır metallar, müxtəlif üzvi maddələr, pestisidlərdir.
Uzun illər aparılmış müşahidələrin nəticələrinə görə yuxarı və aşağı axında yüksək çirklənmə vəziyyəti qeydə alınmışdır. Bunun da səbəbi yuxarı axında Gürcüstan  ərazisindən sənaye və məişət-kommunal suları ilə axıdılan spesifik çirkləndiricilər, aşağı axında isə Ermənistan ərazisində çirklənməyə məruz qalan Araz çayının qovuşması və çay boyunca yerləşən yaşayış məntəqələrindən axıdılan məişət çirkab sularıdır. Orta axında isə Mingəçevir şəhərindən başlayaraq çaya axıdılan çirkləndiricilərin miqdarının azalması ilə Yevlax, Zərdab və Surra məntəqələrində çirklənmənin nisbətən azalması müşahidə edilmişdir.
Araz çayı sululuğu və uzunluğuna görə Kür çayından sonra respublikanın ikinci çayı olub, Kür çayının ən iri qolu sayılır. Çayın Saatlı müşahidə məntəqəsində fenolların  və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə artıqdır. Çayın yüksək dərəcədə çirklənməsində əsasən Ermənistan ərazisindən sənaye və  məişət-çirkab suları axıdılan çayların (Oxçuçay, Razdan çayı) tökülməsi böyük rol oynayır. SÇİ-nə (Suyun çirklənmə indeksi) görə çirklənmiş su kateqoriyasına aiddir.
Böyük Qafqazın Cənub yamaclarından axan çaylar (Katexçay, Dəmiraparançay, Balakənçay, Kürmükçay, Talaçay, Alazan və Əyriçay) ancaq kənd təsərrüfatında istifadə olunmuş sular ilə çirklənməyə məruz qaldığı üçün ən zəif çirklənmə səviyyəsi müşahidə edilir. Bu çayların suyu təmiz su sinfinə aid edilir. Alazan (Qanıx) çayı SÇİ-nə görə mülayim çirklənmiş su sinfinə aid edilir. Fenollar YVQH-dən bir neçə dəfə artıqdır. Bu bölgənin çaylarından Alazan çayı transsərhəd çirklənməyə məruz qaldığı üçün daha cox çirklidir. Dəmiraparançay, Göyçay, Türyançay və Qarasu çayının suları SÇİ-nə görə təmiz su sinfinə aid edilir.
Böyük  Qafqazın Şimal-Şərq yamaclarından axan çayların (Qusarçay, Qaraçay, Vəlvələçay və Qudyalçay) suları mülayim çirklənmiş su sinfinə aid edilir. Bu çaylardan ən çox çirklənməyə məruz qalan çay Qudyalçaydır ki, bu da Quba və Xaçmaz şəhərlərinin kommunal-təsərrüfat və sənaye çirkab sularının axıdılması ilə əlaqədardır. SCİ-nə görə təmiz su sinfinə aid edilir.
Kiçik Qafqaz regionunun çayları (Ağstafaçay, Gəncəçay, Tovuzçay, Şəmkirçay və Qoşqarçay) nisbətən yüksək çirklənmə dərəcələri ilə fərqlənirlər. Bölgənin digər çayı Kürəkçay nisbətən zəif çirklənməyə məruz qalır. Çoxillik müşahidələrin nəticəsindən məlumdur ki, bu çaylardan daha çox çirklənməyə məruz qalanı  Ağstafaçay  və Qoşqarçaydır. Qoşqarçayın çirklənmə səbəbi Daşkəsən şəhərinin kommunal-təsərrüfat, məişət çirkab sularıdır. Müşahidələrin nəticələrinə görə Ağstafaçayın çirklənməsinin əsas səbəbi Ermənistanın İçevan yaşayış məntəqəsindən təmizlənmədən çaya axıdılan sənaye, kənd təsərrüfatı və məişət-kommunal  mənşəli çirkab sularıdır.
Lənkəran-Astara zonasının çayları (İstisu,Təngərud, Lənkərançay, Viləşçay və digər çaylar) çoxillik müşahidələrin nəticələrinə əsasən  təmiz su sinfinə aid edilir. Aparılmış müşahidələr göstərir ki, bu zonanın çayları çox az çirklənməyə məruz qalır .

2. Göllər

Abşeron yarımadasının gölləri yarımadada iqlim şəraitinin formalaşmasında və bütövlükdə ölkə əhalisinin sıx məskunlaşdığı bu ərazidə ekoloji şəraitə ciddi təsir göstərir. Yarımadada quru iqlimin bərqərar olduğu, atmosfer yağıntılarının illik miqdarının 200-300 mm, mümkün buxarlanmanın isə yağıntılardan 3-4 dəfə artıq olması, yay dövründə quruma həddinə çataraq, suyunun ifrat dərəcədə şorlaşıb dibinə duz çökdürməsi bu göllər üçün xarakterikdir. Abşeron yarımadasında neft-qaz yataqlarının kəşfiyyatı və istismarı ilə əlaqədar olaraq yaranan süni göl və gölməçələrin əksəriyyəti neftlə birgə çıxan lay sularının uzun müddət təmizlənmədən ətraf mühitə atılması nəticəsində əmələ gəlmişdir. Abşeronda sənayenin sürətli inkişafı əhalinin sayının artmasına və nəticədə çoxlu sayda yaşayış massivlərinin tikilməsinə səbəb olmuşdur.Yaşayış massivlərində isə vahid kanalizasiya sistemləri qurulmadığına görə onların kommunal-məişət, tullantı suları yaxında olan göllərə və ətraf ərazilərə axıdılır. Nəticədə həmin su hövzələri zərərli maddələrlə çirklənərək gərgin ekoloji ərazilərə çevrilmişdir.
Abşeron gölləri içərisində ən böyük su səthi olan və gərgin ekoloji vəziyyətdə olan göl Böyük-şordur.  Böyük-şor gölü Abşeron yarımadasının mərkəzində, Bakı şəhərinin Binəqədi, Sabunçu və Nərimanov rayonları sərhəddində yerləşir. Aparılmış müşahidələrin nəticələrinə əsasən göl akvatoriyasının açıq yerlərində dərinliklər 3,40-3,95 m, maksimal dərinlik isə 4,20 m təşkil edir. Gölün yaxın hissələrində dərinlik 0,50-1,70 m arasında dəyişir. Oval formada olan gölün uzunluğu şimal-qərbdən cənub-şərqə doğru istiqamətlənməklə 10 km-ə çatır, maksimal eni isə 1,5-2,0 km-dir. Çöl şimal tərəfdən qədim Xəzərin terrasından ibarət olan maili, cənubdan isə düzbucaqlı kəsilmiş yamacla əhatə olumuşdur. Hazırda Böyük-şor gölü, bütün ətraf ərazilərdən yeraltı su axınının  yönəlmiş olduğu qapalı bir hövzədir. Gölün su səthi 1300 ha, həcmi isə 45 mln kub metrdir.   
Böyük-şor gölünə şəhərin Nərimanov, Sabunçu və Binəqədi rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları axıdılır. Hal-hazırda 49 mənbədən gölə gün ərzində 18 min m3 sənaye və məişət suları daxil olur. Gölün əsas çirklənmə mənbələrindən biri gölün şərq hissəsində Suraxanı rayonu ərazisindəki Balaxanı zibilxanasıdır.  Böyük-şor gölünün əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olmuşdur.
Statistik məlumatlara görə 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılmışdır. Bu suların 60%-i bilavasitə qazma, qalanı isə mədənlərdə istifadə olunmuş, bilavasitə dənizdən su xətləri ilə götürülmüş sulardan ibarət olmuşdur. 1970-ci illərdən başlayaraq gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılmışdır. Təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılmışdır ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirmiş, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalmışdır. İsti havalarda neft məhsullarının buxarlanması səbəbindən atmosferdə neftin yüngül konsentrasiyaları yayılaraq kəskin qoxu yaranmasına səbəb olur.
Suyunun minerallaşmasına görə Böyük-şor gölü şor sulu göllər qrupuna aiddir və onun  suyunun minerallaşması YVQH-dən  dəfələrlə çoxdur. Gölün oksigen rejimi tam pozulmuşdur. Həll olmuş oksigenin göl suyunda cüzi olmasının əsas səbəblərindən biri çirkləndirici maddələrin oksidləşməsi nəticəsində bioloji proseslərin sürətlənməsidir. Məhz bununla bağlı Böyük-şor gölündə oksigenin biokimyəvi sərfi normadan bir necə dəfə çoxdur. Təbii faktorların və gölə atılan çirkab sularının təsiri nəticəsində Böyük-şor gölünün sularının minerallaşmasının artması ilə yanaşı suyun tərkibindəki kation və anionların konsentrasiyaları da kəskin şəkildə çoxalır. Belə ki, kalsium, maqnezium və xloridlərin miqdarı sanitar normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir. Gölün əsas çirkləndiriciləri olan neft məhsulları və fenolların konsentrasiyaları YVQH-dən  dəfələrlə coxdur. Göldə sintetik yuyucu maddələr də normadan çoxdur. Göldə əsas çirkləndirici maddələr kimi ağır metallardan mis, kadmium, dəmir, sink, manqan YVQH-dən bir-necə dəfə çoxdur.
Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyük-şor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid оlmuşsа, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilmişdir.
Ərazisi 7,2 km2, suyunun həcmi isə 8,3 mln m3 olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular  təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur.
Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən  dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.
Son illər ərzində Yasamal-1 gölünün ətrafında bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsirini göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllər ilə müqayisədə kəskin şəkildə azalıb. Göl suyunun minerallaşmasına görə Yasamal-1 gölü  şortəhər sulu göllər qrupuna aiddir. Əsas ionların konsentrasiyası təbii fon daxilində tərəddüd edir və sanitar normanı aşmır. Suyun spesifik çirkləndiricilərndən ancaq fenollar və misin miqdarı normanı bir qədər aşır, bu da onların uzun illər ərzində gölün dibində toplanması və yenidən suyun üst qatlarına qalxması ilə əlaqədardır (təkrar çirklənmə prosesləri). Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir.
Masazır gölünə, əsasən Masazır və Novxanı kəndlərinin məişət-kommunal suları axıdılır. Suyunun minerallaşmasına görə Masazır gölü şor sulu göllər qrupuna aiddir. Suyun ion tərkibində xloridlər  və sulfatlar  üstünlük təşkil edir. Kalsium və maqneziumun konsentrasiyaları nisbətən az olsa da, onların göstəriciləri sanitar normadan yüksək qeydə alınıb. Çirkləndirici maddələrdən misin və kadmiumun konsentrasiyaları YVQH-dən dəfələrlə coxdur. Detergentlərin və neft məhsullarının nisbətən az olmasına baxmayaraq, onların da konsentrasiyaları YVQH-dən bir-necə dəfə yüksək qeydə alınıb. Masazır gölünün suları kifayət qədər yüksək çirklənməyə məruz qalmışdır.

Kürdəxanı gölünə ətraf qəsəbələrin məişət-təsərrüfat çirkab suları axıdılır. Göl suyunun minerallaşması YVQH-dən  bir necə dəfə  yüksəkdir və bu göstəriciyə görə Kürdəxanı gölü şortəhər sulu göllər qrupuna aiddir. Anionlardan  xloridlər YVQH-dən dəfələrlə coxdur. Kalsium, maqnezium və sulfatların konsentrasiyaları  YVQH-dən yüksəkdir. Tədqiq olunan gölün oksigen rejimi pozulub və suda həll olmuş oksigenin miqdarı YVQH-dən aşağıdır, bu da əsasən göldə müşahidə olunan evtrofikasiya prosesi ilə bağlıdır.       
Bülbülə gölü də Böyük şor gölü kimi yüksək dərəcədə antropogen təsirə məruz qalır. Suyunun minerallaşmasına görə  Bülbülə gölü şortəhər sulu göllər qrupuna aiddir. Кationların konsentrasiyaları (kalsium, maqnezium) norma daxilində tərəddüd edir, anionların (xloridlər, sulfatlar) miqdarı isə normadan cüzi dərəcədə yüksəkdir. Çirkləndirici maddələrin konsentrasiyaları sanitar normanı dəfələrlə aşır. Belə ki, detergentlər, fenollar, neft məhsulları və misin konsentrasiyaları YVQH-ni bir-necə dəfə aşır. Gölün oksigen rejimi norma daxilindədir, lakin sahillərində evtrofikasiya (mamır bağlaması) proseslərinin inkişaf etməsi müşahidə olunur. Çoxillik müşahidələr göstərir ki, Bülbülə gölü Böyük-şor gölü ilə müqayisədə çirklənməyə nisbətən aşağı dərəcədə məruz qalır.
Xocasən gölünə atılan çirkab sularının 80%-ə qədəri kommunal-məişət mənbəli tullantılardır. Suyun minerallaşmasına görə şortəhər sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində anionların konsentrasiyaları sanitar normadan coxdur. Belə ki, xloridlərin miqdarı normadan dəfələrlə, sulfatlar isə bir necə dəfə yüksəkdir, bu da  gölün dəniz suları ilə əlaqəli yeraltı sularla qidalanması ilə əlaqədardır. Xocahəsən gölündə fenollar və kadmium YVQH-dən bir-necə dəfə coxdur.
Ölkənin Abşerondan kənarda yerləşən göllərindən Göy-göl demək olar ki, antropogen təsirə məruz qalmamışdır.
Candargöl SÇİ-nə görə mülayim çirklənmiş su sinfinə aid edilir.
Hacıqabul gölündə fenolların və mis ionlarının orta illik miqdarı YVQH-dən bir necə dəfə çoxdur. Şərq mədəni ərazisində göl SÇİ-nə görə çirklənmiş su sinfinə aid edilir.
Sarısu gölü İmişli və Sabirabad rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla,  çay-dərə eroziya mənşəlidir, böyük göllər sırasına daxildir, şirinsuludur. Suyunu əsasən Şərbətqobu vasitəsilə Ağ göldən, yeraltı və yağıntı sularından alır, Kür çayına axını var.
Sarısu gölünün sahilboyu ərazisini qamışlıq və bataqlıq təşkil edir. Suyun həcmi təqribən 60 mln m3, orta dərinliyi 1 m, maksimal dərinliyi 6 m, orta eni 3 km təşkil edir. Göl akvatoriyasının açıq hissələrində dərinliklər 1-3 m, sahilə yaxın hissələrində 0,1-0,9 m arasında dəyişir. Bəzi illərdə (1976-cı ildə)  Kür çayının  daşqın suları gölün həcmini 3-5 dəfə artırır. Göldə suyun həcminin artması əsasən yaz və payız aylarında müşahidə olunur. Ötən illə müqayisədə cari ildə suyun səviyyəsi təqribən 40% azalmışdır. Sarısu gölündə buz hadisələrinin orta çoxillik davamiyyəti 23 gündür və sahil buzu formasındadır. Gölün səthi bəzi illərdə buzla örtülür, davametmə müddəti 11 gündür.
Sarısu gölünün faunası əsasən balıqlardan (cəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu , bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min  müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir. Gölün ərazisində Allahmədətli yaşayış məntəqəsinin yaxınlığında fəaliyyət göstərməyən balıq vətəgələri və XVI-XVII əsrlərə aid olan qəbirstanlıq vardır.
Sarısu gölünü şimaldan Kür çayı, yaşayış məntəqələrindən isə avtomobil yolu kimi istifadə olunan torpaq bənd ayırır, bu da gölün yaşayış məntəqələrindən axıdılan tullantılarla çirklənməsinin qarşısını alır. Gölün cənub istiqamətdən çirklənməsinə səbəb ətraf ərazilərdə neft çıxarılması (Muradxanlıneft) zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılmasıdır. Sarısu gölünün şərqdən Kür çayına axını Muradbəyli yaşayış məntəqəsi yaxınlığında tikilmiş hidroloji qurğu (suburaxıcı) vasitəsi ilə tənzimlənir.

Gölün suyu zəif qələvi xarakterlidir. Spesifik iyi yoxdur, şəffaflığı ayrı-ayrı nöqtələrdə müxtəlifdir. Asılqan maddələrin miqdarı orta qiymətlə 66 mq/l-dir. Su nümunələri kağız filtrdən yaxşı süzülür. Suyun oksigenlə doyma faizinin yüksək olması isə onun kimyəvi vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Göl üzrə ümumi minerallaşma yüksəkdir. Suyun codluğu YVQH-dən bir necə dəfə çoxdur. Su yüksək minerallaşmaya və codluğa malik olsa da ümumilikdə kimyəvi xarakteristikasına görə təmiz su sinfinə aiddir

3.  Su anbarları

Mingəçevir su anbarında spesifik çirkləndiricilərdən fenollar və mis ionlarının orta illik miqdarı YVQH-dən bir neçə dəfə artıqdır. SÇİ-nə görə təmiz su sinfinə aid edilir.
Ceyranbatan su anbarında aparılmış müşahidələrə görə zəif çirklənmə qeydə alınmışdır. SÇİ-nə görə təmiz su sinfinə aid edilir.
Müşahidə aparılmış sututarlardan ən az çirklənməyə məruz qalanı isə Abşeron yarımadasının su təchizatında böyük rol oynayan Ceyranbatan su anbarıdır.
Şəmkir su anbarında aparılmış müşahidələr göstərir ki,  fenollar və mis ionlarının orta illik miqdarı YVQH-dən bir neçə dəfə artıqdır. SÇİ-nə görə mülayim çirklənmiş suya aiddir.
Ağstafa su anbarı əsasən Ermənistan ərazisindən Ağstafaçaya axıdılan transsərhəd çirkləndiricilərin hesabına daha çox çirklənməyə məruz qalır. Ağstafaçay üzərində yerləşən Ermənistan ərazisindəki yaşayış məntəqələrindən məişət və sənaye çirkab sularının çaya axıdılması hələ Sovetlər dövründən mövcuddur. Bu tullantılar sututarlarda mürəkkəb biokimyəvi prosesləri sürətləndirir və çirklənmənin artmasına təsir göstərir. Fenollar və mis birləşmələrinin orta illik miqdarı YVQH-dən bir neçə dəfə çoxdur.

4. Transsərhəd çirklənmə

Respublikamızın əsas su arteriyaları olan Kür və Araz çaylarının transsərhəd çaylar olduğunu, qonşu dövlətlərin ərazilərindən keçməklə daha çox çirklənməyə məruz qaldıqlarını nəzərə alaraq, bu çaylarda və onların transsərhəd qollarında monitorinqin müasir tələblər səviyyəsində aparılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qazax və Beyləqan rayonlarında müasir cihaz və avadanlıqlarla təchiz olunmuş  analitik tədqiqat laboratoriyaları yaradılmışdır. Qazax rayonu ərazisində Xrami, Kür, Tovuzçay, Ağstafaçaydan və Ağstafaçay su anbarından, Beyləqan rayonu ərazisində Horadiz qəsəbəsi, Şahsevən I kəndi, Bəhrəmtəpə kəndi müşahidə məntəqələrindən nümunələr götürülərək qeyd olunan laboratoriyalarda analiz edilir.
Qazax və Beyləqan analitik tədqiqatlar laboratoriyalarında adi rejimdə hər on gündən bir, operativ rejimdə isə hər gün su nümunələri götürülərək, suların çirklənmə vəziyyətinə nəzarəti həyata keçirilir. Monitorinqin nəticələri əsasında operativ rejimdə gündəlik, adi rejimdə ongünlük, aylıq bülletenlər çap olunaraq aidiyyatı üzrə dövlət orqanlarına, qərar qəbul edən şəxslərə təqdim olunur və İnternetdə yerləşdirilir.

ekoloji-ugurlar

 



21/07/2014. Çində "Rammasun" qasırğasının qurbanlarının sayı 17 nəfərə çatıb
15/07/2014. Keçibuynuzu
10/07/2014. Yaponiyanı güclü qasırğa çənginə aldı
04/07/2014. Türkiyədə zəlzələ baş verib
01/07/2014. Yaponiyada güclü zəlzələ olub







Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb 2005-2011© Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir. E-mail: ecologiya.nazirliyi@eco.gov.az