Ekologiya və Təbii Sərvətlər Nazirliyi


AZ EN

Saytın xəritəsi  Ana səhifə  Saytın yenidən yüklənməsi Ən sonda: Transsərhəd çaylarda monitorinqlər aparılıb



 Poçtunuzu yoxlayın!
 İstifadəçinin adı
@eco.gov.az
 Şifrə

Bizim poçtumuza yazın

BİZƏ YAZIN








Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
sektorunda məskunlaşan Xəzər Suitisi (Phoca Caspica)

Xəzər suitisi (Phoca caspica) Xəzər dənizində məskunlaşan yeganə dəniz məməlisidir. O, Xəzər dənizinin endemik növü olmaqla, dünyada suitilərin ən xırda növü sayılır (yaşama müddəti – 50 il). 1987-ci ildə aparılan hesablamara görə Xəzər suitisinin populyasiyalarının ümumi sayı 360-400 min baş təşkil edir (Krılov, 1989), Xəzər dənizi su bioresursları üzrə Komissiyanın 2005-ci ildə apardığı hesablamara görə isə onların sayı 375 min başdır. 1996-cı ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərinin vəziyyəti barədə müzakirə aparmış və Xəzər dənizinin getdikcə çirklənməsini və suitilərin məskəni olan sahil zolağının daralmasını nəzərə alaraq, bu növün statusunu “zəif” növ kimi IUCN qırmızı kitabına daxil etmişdir.

Xəzər suitilərinə Xəzərin istənilən yerində rast gəlmək olar. Son 30-40 il ərzində aparılan çoxillik müşahidələrə görə Xəzər suitisi populyasiyalarının mövsümlərə görə paylanması bəzi dəyişikliklərlə il ərzində nisbi dəyişməz qalır. Xəzər suitisi populyasiyalarının əksər hissəsi hər il çoxalma dövründə miqrasiya edir. Ancaq suitilərin nisbətən az hissəsi (populyasiyanın təxminən 10-15%-i və ya 40-60 min baş) bu zaman Mərkəzi və Cənubi Xəzərdə qalır. Populyasiyanın bu qrupunun əsas hissəsini cavan və çoxalmayan fərdlər təşkil edir. Mərkəzi və Cənubi Xəzərin qərb sahili (Abşeron və Bakı arxipelaqı, Şah-Dili ərazisi) və şərq sahili (Oqurçinski adası, Türkmənistan) bu heyvanlar qrupu tərəfindən il ərzində quruya çıxma yeri kimi istifadə olunur. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) 1996-1998-ci illərdə apardığı tədqiqatların nəticələrinə görə, vertolyot uçuşları suitilərin il ərzində Şah-Dili zolağında, Cilov adasında, Kiçik Tava, Böyük Tava və Tavaaltı adalarında  uzanıb qaldıqlarını aşkar etmişdir.

1977-78-ci illərdən, əsasən də 1990-cı ildən başlayaraq, Xəzərin səviyyəsinin qalxmasından sonra Xəzər suitilərinin yayıldığı sahilyani ərazilərin xeyli hissəsi su altında qalmışdır. Bundan başqa, Orta Xəzərdə, əsasən də Abşeron yarımadasında və şərqi adalarda Xəzər suitilərinin bir vaxtlar məskunlaşdığı ərazilərdə yeni neft-qaz yataqlarının hazırlanması başlanmışdır ki, bu da onların populyasiyalarının dənizdə sayına və paylanmasına mənfi təsir göstərir. Bu gun Xəzərdə səviyyə tərddüdü səbəbindən Xəzər suitisinin yaşayış yerlərinin çox hissəsi su altında qaldığına görə suitilərin salamat qalmış ərazilərdə toplaşması artmışdır.

Xəzər suitisi populyasiyalarının çox hissəsi (85-90%) payızın sonunda və qışda Şimali Xəzərə üzür, yaşlı heyvanlar yazın əvvəlinə kimi burada qalır və yanvar-fevral aylarında buzlaqların üzərində çoxalırlar. Yaşlı fərdlər yanvarın sonunda və fevralın əvvəlində burada, buzların üstündə bala vermək üçün toplaşırlar. Bundan sonra suitilər fevral ayının ortalarından mart ayının ortalarına qədər olan müddətdə cütləşir, sonra qalın buzların üzərində, sahilyanı qumlu dayazlıqlardan və adacıqlardan şelf ərazisi boyunca cənuba – Orta və Cənubi Xəzərə – kökəlmə yerlərinə yerdəyişməyə başlamazdan əvvəl qabıq verirlər. Çoxalma ərazilərinin yerləşməsi qışın sərtliyindən və dəniz buzlarının istiqamətindən asılı olaraq dəyişkən olur. Orta və Cənubi Xəzərdə aprel-may aylarında suitilər bir müddət sahil zonasında qalır və qış ərzində 50%-ədək tükənən piy ehtiyatlarını tamamlamaq üçün adətən sahil sularında kökəlirlər. Piy ehtiyatları və üzmə qabiliyyəti bərpa edildikdən sonra suitilər Orta və Cənubi Xəzərin dərinsulu sahələrinə (may-iyun ayları ərzində) hərəkət edirlər ki, burada da kilkə populyasiyalarının əsas kütləsi toplaşır. Yay vaxtı (iyun-avqust) yaşlı suitilər istidən uzaq olmaq üçün Orta və Cənubi Xəzərin daha əlverişli temperatur şəraiti olan dərinsulu akvatoriyalarında yaşamağa üstünlük verirlər. Yay aylarında yaşlı suitilər ancaq güclü fırtına zamanı sahilə çıxa bilər. Oktyabr-noyabr aylarında suitilər şimal istiqamətində, əsasən Xəzər dənizinin şimal-şərqindəki adalara tərəf geriyə üzür, orada onlar axınla hərəkət edərək və ya sahilə çıxaraq buzların formalaşmasını və çoxalma mövsümünün başlamasını gözləyirlər.

Xəzər suitisi əsasən kilkələrlə qidalanır ki, bu da onun qida rasionunun 76%-ni təşkil edir. Suitilərin əsas kökəlmə dövrü yay fəslidir. Qida aktivliyi payızda və yazda xeyli məhdudlaşır və qışda tamam dayanır. Xəzər suitilərinin əsas qida obyekti olan kilkə ehtiyatları Xəzərin endemik növü olan suitilərin sayının saxlanması üçün başlıca amildir. Lakin ilk dəfə 1999-cu ildə aşkar olunmuş və qida zooplanktonunda kilkələrin əsas rəqibinə çevrilən şırımlı mnemiopsisin - Mnemiopsis leidyi (Agassiz)-in invaziyası nəticəsində son illərdə kilkələrin sayı xeyli azalmşdır. Yem bazasının qıtlığı son illər Xəzər suitisinin sayının azalmasına və ölüm faizinin artmasına təsir edən əsas amil kimi müzakirə edilir.

Xəzərin Azərbaycan sektorundakı suitilərin sayı il ərzində dəyişir. Qışda və erkən yazda (noyabr-mart ayları) Xəzər suitilərinin populyasiyasının böyük qismi Şimali Xəzərdə, ümumi populyasiyanın 10-15%-i (yerlərini dəyişməyən fərdlər, Mərkəzi Xəzər və Abşeron yarımadası sahilləri boyunca toplanaraq) Mərkəzi və Cənubi Xəzərdə yerləşir. Qida axtarışı ehtiyacı suitilərin toplanış yerlərini müvəqqəti tərk edərək açıq sulara girməsinə gətirib çıxarır. Noyabr-mart ayları ərzində onların sayı burada ən azdır (hər 1 km2-a 0-1 baş; Hacıyev və b., 1995). Yazın axırında (aprel-may ayları) şimaldan gələn fərdlər Orta və Cənubi Xəzərə çatır ki (hər 1 km2-a 1-8 baş), bundan sonra suitilərin sayı burada artır və iyun-avqust aylarında maksimum həddə çatır (hər 1 km2-a 8-30 baş). Yayın axırlarında və payızda Mərkəzi Xəzərin və Abşeron yarımadasının qərb sahilləri boyunca suitilərin çox hissəsinin şimala yerdəyişməsi nəticəsində onların sıxlığı yenidən tədricən azalır (hər 1 km2-a 1-13 baş). Odur ki, ilin əksər hissəsini, daha doğrusu payızın sonu, qış və yazın əvvəli ərzində Xəzər suitisinin populyasiyalarının çox hissəsi Xəzərin Azərbaycan sektorundan kənarda keçirir. Yay vaxti bu heyvanların sıxlığının burada nisbətən çox olması, Orta və Cənubi Xəzərin qərbi hissəsi suitilərin əsas qida obyekti sayılan xırda siyənək və kilkələrin əsas yaşama yeri rolunu oynaması ilə izah olunur. Ona görə də dənizin bu hissəsi yay vaxtı suitilərin əsas qidalanma ərazisi hesab olunur. Qış aylarında, suitilərin əksər hissəsinin Xəzərin şimal hissəsinə çoxalma ərazisinə yerdəyişmə etdiyi zaman, bu heyvanlardan 2-3 min başa yaxını Azərbaycanın sahilyani zonasında qalmaqda davam edir ki (həmçinin Abşeron Milli Parkı və Şah-Dili meşə zolağı ərazilərində), bu da qeydə alınmış bütün Xəzər suitisi populyasiyalarının sayının 1%-dən az hissəsini təşkil edir.

Hal-hazırda, Xəzər suitilərinin vətəgələri yalnız Şimali Xəzərdə aparılır və qış cütləşmə dövrü ilə məhdudlaşır. Azərbaycanda suitilərin ovu 1952-ci ildən qadağan olunub (Qureviç, Lopatin, 1962; Krılov, 1989).

2000-ci ilin yazından başlayaraq Xəzər suitilərinin yeni kütləvi qırılması dalğası qeydə alınmağa başlandı. Xəzər Ekoloji Proqramı (XEP) tərəfindən demək olar ki, bütün Xəzərin sahilyanı zolağı boyunca Xəzər suitilərinin ölməsinin səbəblərini aşkar etmək üçün (2000-ci ildə 11,5 minə yaxın nümunə) ekotoksikoloji layihənin icrasına başlanılmışdır. Suitilərin ölü cəmdəkləri Abşeron arxipelaqı zonasında, əsasən də Şah-Dili meşə zolağında qeydə alınıb. Böyük Britaniya, Hollandiya, Yaponiya və Rusiya müstəqil mərkəzlərində aparılan laborator tədqiqatların nəticələrinə görə, Xəzər suitilərinin 2001-2002-ci illərdə kütləvi qırılmasına səbəb - orqanizmdə immuniteti zəiflədən “it taunu” adlanan virus xəstəliyinin kütləvi epidemiyası olmuşdur. Xəzər suitilərinin 2000-2001-ci illərdə kütləvi qırılması Xəzərin xlor üzvi birləşmələr və mikroelementlərlə çirkləndirilməsi ilə əlaqələndirilir.




Ən çox oxunanlar 
Meheler haqqinda Havanin chirklendirilmesi haqqinda Nere balıgi haqqinda
Bilirsinizmi? 
Müəllif hüquqları qorunur. Məlumatlardan istifadə zamanı istinad vacibdir