Az1073, Bakı
B.Ağayev küç.100(A)
Tel/Fax: 492-59-07
Beynəlxalq əməkdaşlıq / Görülən işlər
2010-cu il üzrə ETSN-nin Beynəlxalq əməkdaşlıq sahəsində
gördüyü işlər barədə məlumat
2010-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin qorunmasına yönəldilmiş səmərəli və məqsədyönlü fəaliyyəti həmçinin beynəlxalq əməkdaşlıq sahəsində də uğurla davam etdirilmişdir. Belə ki, bir sıra region dövlətləri, inkişaf etmiş dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlığa dair sazişlər hazırlanır və razılaşdırılma prosesləri həyata keçirilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin Azərbaycanda «Ekologiya ili» elan olunması ilə əlaqədar bir sıra mühüm silsilə tədbirlər həyata keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqarmı (UNEP) tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə və Azərbaycanın Bakı şəhəri Dünya Ətraf Mühit Gününün 2010-cu ildə Avropa regionunda qeyd edilməsi üzrə mərkəz şəhərlər elan edilmişdir. Bununla əlaqədar Dünya Ətraf Mühit Gününün Bakıda qeyd edilməsi çərçivəsində 2010-cu il 3 iyun tarixində Heydər Əliyev adına Beynəlxalq hava limanı istiqamətindəki şossenin (beton yolu) ətrafında yerli və beynəlxalq təşkilatlarından olan nümayəndələrin iştirakı ilə kütləvi ağacəkmə və ağaclara qulluq kampaniyası keçirilmişdir.
Bundan əlavə 2010-cu il 5-7 iyul tarixlərində BMT-nin Ətraf Mühit Proqramı və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Qəbələdə Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı keçirilmişdir. 2010-cu il 5-6 iyul tarixlərində Biomüxtəliflik üzrə Avropa Nazirlər Konfransı çərçivəsində ekspertlər və Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələrinin görüşü və 07 iyul tarixində isə Nazirlər Seqmenti keçirilmişdir.
2010-cu il 16-18 sentyabr tarixlərində Bakıda “Azərbaycan – Yaşıl Dünya naminə - 2010” Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilmişdir. Qeyd olunan sərgidə 50 yaxın beynəlxalq və yerli şirkətlər, həmçinin dövlət və qeyri hökumət təşkilatları iştirak etmişdir.
Həmçinin bildiririk ki, «Azərbaycanın Ekoloji Fəaliyyətin 2-ci İcmalı» sənədinin hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi Komissiyasının ekspertləri Azərbaycana səfər etmişdir. Səfərin əsas məqsədi icmalın hər fəsili üzrə ETSN tərəfindən təyin edilmiş mütəxəssislər vasitəsilə ətraf mühitin mühafizəsi sahəsində müvafiq məlumatların toplanılması, aidiyyəti dövlət və qeyri hökumət təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi və ölkəmizin regionları ilə tanış olması idi. Qeyd olunan icmalın 2011-ci ilin birinci kvartalında BMT-nin Avropa Komissiyası tərəfindən nəşrə verilməsi nəzərdə tutulur.
Digər illərdə olduğu kimi, həmçinin 2010-cu ildə müxtəlif ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata keçirilmişdir.
Belə ki, Belarus Respublikasının Prezidenti A.Lukaşenkonun Azərbaycana rəsmi səfəri çərçivəsində 03 iyun 2010-cu il tarixində Belarus Respublikası Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair saziş imzalanmışdır.
Rusiya Federasiyasının Prezidenti D.Medvedevin Azərbaycana rəsmi səfəri çərçivəsində 02 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının rasional istifadəsi və qorunması haqqında saziş imzalanmışdır.
Bundan əlavə “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Slovakiya Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” layihəsinə aidiyyəti dövlət qurumlarının rəy və təklifləri ümumiləşdirilmiş və sözügedən sənəd layihəsi müvafiq əlavə və dəyişikliklər əsasında ingilis dilinə tərcümə edilmişdir. Məlumat üçün bildiririk ki, Slovakiya tərəfi diplomatik kanallar vasitəsilə Slovakiya Respublikasının Ümumavropa əməkdaşlıq çərçivəsində Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionlarında ətraf mühitin yaxşılaşdırılması və qorunması məqsədilə BMT-nin Avropa iqtisadi komissiyasının “Avropa üçün ətraf mühit” prosesinə qoşulduğu və bu prosesin ətraf müihitn qorunması sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların yaratdığı barədə məlumat vermiş və sözügedən sahədə Sazişin imzalanmasının hal-hazırda mümkün olmadığını, lakin ətraf mühitin qorunması sahəsində Azərbaycan Respublikası ilə daha da sıx əməkdaşlığa hazır olduğunu bildirmişdir. Bununla əlaqədar sözügedən sənəd layihəsi uyğun zamanda müqabil tərəfə göndərilməsi üçün AR Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.
Bundan əlavə Fransa, Belarus, Litva və Suriya ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq qurulması məqsədilə müvafiq sənəd layihələri hazırlanmış bütün dövlətdaxili prosedurlardan keçərək müqabil tərəfə göndərilməsi üçün AR Xarici İşlər Nazirliyinə təqdim edilmişdir.
Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 117 nömrəli Sərəncamına əsasən AR Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilmiş və bu məqsədlə 2009-cu il 26 noyabr tarixində Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçirilmiş və iclasın yekunu olaraq protokol imzalanmışdır. Bunun davamı kimi, hazırda “Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ətraf mühit və meşələr sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsinə dair aidiyyəti dövlət qurumlarının rəy və təklifləri toplanılır.
Eyni zamanda bildiririk ki, hazırda “Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihələrinə dair aidiyyəti dövlət qurumlarının rəy və təklifləri toplanılır.
“Avropa Landşaft Konvensiyası”nın mətni dövlət dilinə tərcümə edilmiş və rəsmi mətnə uyğunluğunun təsdiq edilmiş variantı Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilməsi üzrə prosedurlar həyata keçirilir. Eyni zamanda QEF, UNİDO, UNEP, USAİD, NATO, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi təşkilatları ilə ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq həyata keçirilir.