Bakı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ekologiya Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Vaqif Cavadovun “apasport”a müsahibəsi
- Mətbuatda “Azərbaycan Avrasiya Alpinizm Assosiasiyasına rəhbərlik edəcək” başlıqlı yazıda MDB ölkələri və Gürcüstan Alpinizm federasiyaları rəhbərlərinin Bakıda III sammitinin keçirilməsi barədə məlumat verilib. Tədbir zamanı “adının çəkilməsini istəməyən sammit iştirakçısı” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qadağası üzündən alpinistlərin Azərbaycandakı yüksək dağlıq ərazilərə qalxmasının mümkünsüzlüyü barədə fikirlər söyləyib. Buna münasibətiniz necədir?
- Qeyd edilən yazıdakı dövlətçilik maraqlarından uzaq fikirlərə görə yalnız təəssüf və təəccüb etmək olar. Müəllifin və adı çəkilməyən mənbənin yəqin ki, dünyanın başqa yerlərində Milli Parklara ilk növbədə zirvələri olan dağ ərazilərinə giriş və ödəniş qaydaları barədə ya təsəvvürü yoxdur, ya da oxucuları şüurlu surətdə aldatmağa cəhd göstərir. Bizdə olan məlumata görə, b təşkilatın rəhbəri dünyanın başqa yerlərində olan qaydalarla yaxşı tanışdır və onlara hörmətlə yanaşır. Hər halda onların nəzərinə çatdırmaq istərdik ki, mövcud qanunvericiliyə, o cümlədən 2000-ci il 24 mart tarixli “Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri və Obyektləri Haqqında Qanun”un 21-ci maddəsinə əsasən, Milli Parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Milli Park ərazilərinə xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunmaqla, yalnız xüsusi qaydada tənzimlənmə yolu ilə turistlərin daxil olmasına icazə verilir. Azərbaycan Prezidentinin 8 dekabr 2006-cı il tarixli sərəncamına əsasən 130508,1 hektar sahədə yaradılan Şahdağ Milli Parkının unikal təbiəti, xüsusən dağlıq əraziləri və yüksək zirvələri istər yerli, istərsə də xarici vətəndaşların diqqətini çəkdiyindən bölgəyə böyük turist marağı var. Ərazidə turist marağına səbəb olan əsas zirvələrə gedən marşrutlar isə birbaşa dövlət sərhədi boyunca keçir. Təəssüflər olsun ki, bir sıra hallarda təbiət komplekslərinə daxil olan ərazilərin şəxslər tərəfindən məişət və bərk tullantılarla çirkləndirilməsi, yanğın və təhlükəsizlik qaydalarına zidd olan hərəkətlərə yol verilməsi qeydə alınır ki, bunun da nəticəsində istər təbii obyektlər, istərsə də, insanların həyat və sağlamlığı birbaşa təhlükəyə məruz qalır. Bu səbəbdən Milli Park ərazilərinə qarşı təzyiqin tənzimlənməsi, həmçinin, turistlərin təhlükəsizliyinin təmin olunması məqsədilə qanunvericiliyə müvafiq olaraq 2006-cı ildən etibarən “Milli Parkların ərazisindən istifadənin nümunəvi Qaydası”, “Milli Parkların ərazisində ekoturizm xidmətlərinin göstərilməsinə dair Təlimat”, “Milli Parklarda təhlükəsizlik və profilaktika tədbirlərinə dair Təlimat” hazırlanaraq müvafiq Əmrlə qüvvəyə minib. Həmçinin, son illərdə yüksək dağlıq ərazilərdə və sərhəd bölgələrində yerləşən Milli Park ərazilərinə müvafiq ixtisası və hazırlığı olmayan şəxslərin müşayiəti ilə insanların aparılması faktları qeydə alınıb. Bu cür qanuna zidd hərəkətlər nəticəsində, müxtəlif hallarda ərazinin xüsusiyyətlərini bilməmək səbəbindən, bəzən də bilərəkdən sərhəd rejimi qaydalarının pozulması, Milli Parkda davranış qaydalarına məhəl qoyulmaması kimi hallar müşahidə edilir. Hətta belə bir fakt olub ki, əməkdaşlarımız Şahdağ massivi ərazisində qurulmuş bir neçə çadır görüb. Araşdırma zamanı məlum olub ki, çadır sahibləri əraziyə qanunsuz daxil olub və özlərini xüsusi xidmət orqanının nümayəndələri kimi təqdim edərək ərazidə xüsusi əməliyyat yerinə yetirdiklərini bildirib və əməkdaşlarımıza qarşı hörmətsizlik göstərərək hədə-qorxu gəliblər. Sonradan araşdırma zamanı məlum olub ki, həmin şəxslər alpinizm sahəsində fəaliyyət göstərən qurumlardan birinin üzvləridir. Və ya başqa bir halda ərazidə olan naməlum şəxslər tərəfindən Şahdağ zirvələrinin birində qoyulmuş monumentin şüurlu surətdə zədələnməsi kimi hala yol verilməsi aşkar olunub. Belə olan halda sahəyə cavabdeh qurum olaraq bizdən adekvat tədbirlər tələb olunur. Bununla əlaqədar ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti tərəfindən Milli Parklara giriş Qaydalarını və Milli Parkdaxili davranış Qaydalarını pozan vətəndaşların “Qara siyahısı” hazırlanıb və oraya adları daxil edilmiş şəxslər bir daha Milli Park ərazilərinə buraxılmır.
- Milli Parkların yüksək dağlıq ərazilərinə daxil olmaq istəyən turistlər hansı prosedur qaydalara əməl etməlidir və bu sahə necə tənzimlənir?
- Milli Parkların yüksək dağlıq ərazilərinə səfər etmək istəyən ekoturistlərin təhlükəsizliyinin təmin olunması və onların ixtisaslı gid-bələdçilərlə təmin edilməsi məqsədilə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentində gid-bələdçilərin akkreditasiyadan keçirilməsinə başlanılıb. 2011-ci ilin may ayında bir neçə nəfər müvafiq ixtisaslı idmançı və məşqçi “Yüksək dağlıq ərazilər üzrə turistlərə bələdçi xidmətinin göstərilməsinə dair” test-sınaq imtahanlarından uğurla keçərək dağ bələdçisi kimi qeydiyyatdan keçib. Bu proses davamlı olaraq tərəfimizdən həyata keçirilir, bu və digər məlumatlar nazirliyin internet səhifəsində mütəmadi olaraq yerləşdirilir. Eyni zamanda, “Milli Parkların yüksək dağlıq ərazilərinə və sərhəd zonalarına turistlərin giriş-çıxışının tənzimlənməsi və turistlərə bələdçi xidmətinin göstərilməsi Qaydaları”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 iyul 2011-ci il tarixli 406/ü nömrəli əmri və “Milli Parklara daxil olma normaları və ödənişlər barədə Təlimat”ı hazırlanaraq 13 iyul 2011-ci il tarixli 434/ü nömrəli əmri ilə təsdiq edilmiş və nazirliyin internet səhifəsində yerləşdirilib. Mövcud qaydalara əsasən, Milli Parka daxil olmazdan öncə insanlar tərəfindən konkret marşrut təqdim olunmalı və Milli Park rəhbərliyi ilə razılaşdırılmalıdır. Bu qaydalar həmçinin Milli Parkın ərazisindən idman və yürüş məqsədləri üçün istifadə edən qruplara da şamil olunur. Öz növbəsində yürüş iştirakçılarından Şahdağ Milli Parkının ərazisində olarkən Milli Parkın daxili davranış və təhlükəsizlik qaydalarına əməl etməsi, yürüşün sonunda əraziyə atılan bərk və məişət tullantılarının yığışdırılması, yalnız əvvəlcədən müəyyən olunmuş yerlərdə düşərgələrin salınması tələb olunur. Beynəlxalq təcrübəyə əsasən təbiət komplekslərindən rasional istifadə olunması və təbiət obyektlərinin mühafizə edilməsi məqsədilə müvafiq ərazilərə rekreasiya yüklənməsinə yol verməmək və bu yüklənmənin qarşısını almaq, onu maksimum azaltmaq təbiəti mühafizə funksiyasını yerinə yetirən qurumların vacib vəzifələrindəndir. Bununla belə, son zamanlar Milli Parkların ərazilərində yerləşən bəzi unikal təbiət komplekslərinə, xüsusən Azərbaycanın ən yüksək dağlıq zirvələri yerləşən Şahdağ Milli Parkının müvafiq ərazilərinə artan maraq və müşahidə olunan güclü turist axını bu təbiət komplekslərini yüksək antropogen təzyiqlə üz-üzə qoyur. Bu cür həddən artıq antropogen çirklənmə nəticəsində ərazi öz rekreasiya və estetik əhəmiyyətini itirə bilər. Onun bərpası isə bəzi hallarda ümumiyyətlə mümkün olmur, bəzən isə böyük maddi məsrəflər tələb etməklə uzun zaman tələb edir. Bu isə öz növbəsində qeyd olunan təbiət komplekslərinə səfər edən turistlərin sayına müvəqqəti məhdudiyyətlər qoyulması ilə yanaşı, orada yol verilən antropogen təsirlərin kompensasiya olunması üçün daha yüksək giriş qiymətlərinin tətbiq edilməsini labüd edir. Göstərilənlərlə bağlı elmi hesablamaları və dünya təcrübəsində mövcud olan münasibətləri rəhbər tutaraq Şahdağ Milli Parkındakı bir sıra yüksək dağlıq ərazilərinə yol verilən rekreasiya təzyiqinin minimuma endirilməsi və antropogen təsirlərin kompensasiya olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkının müvafiq marşrutları üzrə say məhdudlaşdırmalarını nəzərdə tutan normativlər müəyyən olunub və müvafiq qaydada təsdiq edilib.
- Mətbuatda o da bildirilib ki, Azərbaycanda yüksək dağlıq ərazilərə giriş qaydaları öz sərtliyi ilə fərqlənir və onun tətbiqi zamanı ayrı-seçkiliyə yol verilir?
- Bu deyilənlər ağ yalandır. Qaydalar birmənalı olaraq bütün fəaliyyət göstərən və maraqlı təşkilatlara şamil edilib və qüvvədə olduğu müddətdə nazirlik və onun qurumları tərəfindən heç bir ayrı - seçkiliyə yol verilməyib. Eyni zamanda istər mövcud qadağaların sərtliyi, istərsə də ödəniş məbləğləri mövcud dünya ölkələrində olan analoji qaydalarla müqayisədə dəfələrlə aşağı səviyyədə müəyyən olunub. Dünya təcrübəsinə əsasən turistlərin daha çox maraq doğuran ərazilərə girişi, kiçik xidmət haqları daxil olmaqla çox yüksək məbləğdə müəyyən olunur. Belə ki, Elbrus zirvəsinə qalxmaq istəyən turistlərdən 590 avro, Akonkaqua zirvəsini fəth etmək istəyənlərdən 450 dollar, bəzi Milli Parklara daxil olaraq zirvələrə qalxmaq istəyən turistlərdən hətta 1395 avro məbləğində haqq alınır.
Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı tənzimetmə qüvvəyə minməzdən öncə ərazidən tonlarla məişət tullantıları (konserv qabları, plastik tullantılar və s) çıxarılıb. Birbaşa sərhəd bölgəsində yerləşən Milli Park ərazisindən sərhədin pozulması halları baş verirdi. Bu gün belə əraziyə daxil olan turistlər ərazini çirkləndirir və onlardan Milli Parka “miras qoyulan” tullantılar at belində, çətin şəraitdə oradan daşınır. Milli Parkın xüsusi fonduna daxil olan girişə görə ödəniş məbləğləri isə bu işlərin təşkilinə yönəldilir. Nəzərə almaq lazımdır ki, çətin keçilən və yüksək dağlıq əraziləri əhatə edən sahələr üzrə ən minimal xərclərin ödənilməsi (məsələn, turistlərin müşayiət olunması, zərurət yaranarsa axtarış tədbirləri üçün bəzən Milli Park rəhbərliyi tərəfindən məcbur qalaraq yerli sakinlərin bələdçi xidmətindən və ya onların nəqliyyat vasitələrindən istifadə edilməsi və s.) çox baha başa gəlir.
- Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası üçün xüsusi şəraitin yaradılması fikirləri nə dərəcədə doğrudur?
- Hamıya məlumdur ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. Bu Federasiya üçün xüsusi şəraitin yaradılması ilə bağlı fikirlərə gəlincə isə deyə bilərəm ki, Federasiya qeyd olunan qaydalar qüvvəyə minəndən bütün tələblərə və ödənişlərə əməl edib, hətta 2011-ci ilin avqust ayında müvafiq ödənişi həyata keçirməyi ləngitdiyinə görə onun nümayəndələri Şahdağ Milli Parkının ərazisinə buraxılmayıb. Bununla bağlı “yumşaqlıq” göstərmək istəyən Milli Park rəhbərliyi isə cəzalandırılıb. Alpinizm Federasiyasına gəldikdə isə təkcə bir faktı demək kifayətdir ki, federasiya nümayəndələri sonuncu dəfə ərazidə olarkən onun nümayəndələrinin əvvəlcədən müəyyən olunmuş marşrutdan kənara çıxması və Milli Park ərazisində daxili davranış qaydalarına əməl etməməsi kimi hallar qeydə alınıb. Bununla bağlı, tərəfimizdən Federasiya rəhbərliyindən izahat tələb olunub, lakin, humanistlik göstərilərək heç bir ciddi sanksiya tətbiq olunmayıb və xəbərdarlıqla kifayətlənilib. Bir neçə dəfə isə Alpinizm Federasiyası xətti ilə ölkəyə gələn xarici vətəndaşların icazəsiz olaraq əraziyə daxil olmağa cəhd etməsi qeydə alınıb. Bu gün əraziyə gediş-gəlişi tənzimləmək səlahiyyətinə malik olan qurumla hər hansı problem yaşanırsa, göstərilənlər federasiyanın qayda-qanunu sevməyən nümayəndələrinin əməllərinə görə baş verib və bu da onların ölkə qanunlarına və onu icra edənlərə qarşı yuxarıdan aşağı hörmətsiz münasibətinin nəticəsidir. Bir faktı əlavə etmək lazımdır ki, qaydalar qüvvəyə minəndən keçən dövr ərzində əraziyə daxil olan Alpinizm Federasiyasının nümayəndələrinin və bu təşkilatın dəvəti ilə gələn xarici turistlərin sayı 125, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası idmançılarının sayı isə 103 nəfər təşkil edib. Belə olan halda hansı ayrı-seçkilikdən söhbət gedə bilər? Əksinə, elə hallar olur ki, narazılıq edən şəxslərin özləri icazə almaq üçün müraciəti az qala qəzet parçasında yazaraq departamentə təqdim edirdilər. Biz dözüm nümayiş etdirərək onları dəvət edib, qaydaları izah etməyə çalışmışıq, köməklik göstərmişik.
- Alpinizm Federasiyası bu il respublika yarışlarını Şahdağın ətəyində keçirməyə icazə verilməməsi səbəbindən yarışları Gürcüstanda keçirdiklərini bildiriblər. Bu barədə nə deyə bilərsiniz?
- Bu cür iddialar Azərbaycan qanunlarına hörmətsiz, yuxarıdan aşağı baxan şəxslərin ictimaiyyəti yanlış yola yönləndirmək istəyindən başqa bir şey deyil. Bizdə olan məlumata görə, bütün ölkə yarışlarında bu federasiyanın nümayəndələri iştirak edib və yeri gəlmişkən yarışların təşkilatçısı olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ayrı-seçkilik etmədən, Milli Parka giriş üçün bütün yarış iştirakçısı olan idmançıların giriş haqqını ödəyib. Başqa ölkələrə, dağlara getmək isə normal bir haldır və bunun kiminsə acığına edilməsi barədə fikir özü gülüncdür.
|